Jurnalistikanın aydınları: FOTOLAR DANIŞIR

 
 Bu gün Azərbaycan media mühitində çalışanların, öz imzaları, dəsti-xəttləri ilə fərqlənənlərin böyük əksəriyyəti ölkənin ilk ali təhsil müəssisəsi olan BDU-dan məzun olublar. Onların çoxu isə burada məhz jurnalistika ixtisasına yiyələnib. 

 Respublikada jurnalistika təhsili verən ilk ali məktəb məhz BDU)-dur (əvvəlki adı ilə ADU). 1945-ci ildə Filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi açılıb. Sistemli şəkildə jurnalist kadrları hazırlığı prosesinə İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman İlkin, Cümşüd Əzimov kimi həmin dövrün tanınmış praktikləri cəlb olunublar. Şöbəyə dosent Həsən Şahgəldiyev rəhbərlik edib.

 1969-cu ildə  şöbə müstəqil fakültəyə çevrilib. Fakültənin ilk dekanı professor Nurəddin Babayev olub. Sonrakı illərdə dekan vəzifəsinə professor Şirməmməd Hüseynov, professor Seyfulla Əliyev, professor Tofiq Rüstəmov, dosent Nəriman Zeynalov, professor Akif Rüstəmov, professor Yalçın Əlizadə və başqaları seçiliblər. Hazırda fakültəyə dosent Vüqar Zifəroğlu rəhbərlik edir. 
 
Ötən illər ərzində burada minlərlə media işçisi yetişib. Amma jurnalistika fakültəsi təkcə bilik verməklə, kadr hazırlamaqla kifayətlənməyib, həm də bir çoxları üçün ailəyə çevrilib. Fakültənin məzunlarının həmişə müəllimlərini ən xoş xatirələrlə yada salması heç də təsadüfi deyil. Bu, kollektivdəki mehribanlıq, səmimiliklə, belə demək mümkünsə, “təmiz dünya” ilə əlaqədardır. 

 Fakültənin qocaman müəllimlərindən biri, professor Akif Rüstəmovun ömrünün yarısından çoxu bura ilə bağlıdır. O, əlli ildən çoxdur ki, auditoriyalara girir, mühazirələr oxuyur, seminarlar soruşur...Əlbəttə, yarım əsrlik müddəti günbəgün xatırlamaq çətindir. Lakin heç vaxt unudulmayan xatirələr, epizodlar da var. Professor onlardan bir neçəsini “Sherg.az”la bölüşüb.
 


-Böyük satirik şair Mirzə Ələkbər Sabirin heykəli önündəyik. Şəklin tarixi əhəmiyyəti var. Çünki hamımızın müəllimi, yazıçı Mir Cəlal Paşayev, dilçi-alim Yusif Seyidov, Filologiya fakültəsinin keçmiş dekanlarından biri Ağamusa Axundov da bu fotodadırlar. Qarşısında portfel olan tələbə isə sonralar “Müxalifət” qəzetinin təsisçisi və ilk baş redaktoru olmuş Ağamalı Sadiqdir. O, 48 yaşında dünyasını dəyişdi. Sizinlə layiqli tələbəmiz barədə bağlı bir xatirəmi bölüşüm. Bir gün bir qadın fakültəyə gəlib dedi ki, tələbəmiz onun evində qalır və kirayə pulunu gecikdirir. Hansı tələbə olduğunu bilmirdik. O vaxt Şirməmməd müəllim fakültəyə rəhbərlik edirdi. Mən də onun müvini idim. Birlikdə kirayə pulunu düzəldib qadına verdik. Sonra evə getdik. Qapıya çatanda içəridən musiqi səslərinin gəldiyini eşitdik. Bir də baxdıq ki, həmin tələbə Ağamalı imiş. 




-Bu şəkil 1972-ci ildə çəkilib. Yanvar ayıdır. Həmin illərdə “Jurnalistikaya giriş” fənnini Nəsir İmanquliyev tədris edirdi. Mən onun assistenti idim. Tələbədən imtahan alırdıq. Qarşımızdakı isə bayaq adını çəkdiyim Ağamalı Sadiqdir.


 
-Biz əvvəllər tez-tez pambıq yığımına gedərdik. Bu şəkil də həmin günlərin birində çəkilib. Rəhmətlik Tofiq Rüstəmov, indi də bizimlə çalışan Nəsir Əhmədli və mən fotoda mərkəzdə dayanmışıq. 



-Düzü, bu fotonun haçan, harda çəkildiyini unutmuşam. Ancaq yadımdadır ki, hansısa tədbirdə iştirak edirdik. Şəkildəkilərin soldan-sağa doğru kim olduqlarını deyim: Nəsir Əhmədli, mən, Cahangir Məmmədli və Zeynal Məmmədli. Hər birimiz o vaxt olduğu kimi, bu gün də gənc jurnalistlərə yol göstərir, onların yetişməsi üçün əlimizindən gələni əsirgəmirik.

 

 -Bu, Mətbuat tarixi və ideoloji iş kafedrasında çəkilib. Başda oturan Seyfulla Əliyev kafedra müdiri idi. Onun yanındakı Şirməmməd Hüseynovdur. Digərləri isə Qulu Xəlilovla, Cahangir Məmmədlidir. Hiss olunur ki, hansısa mövzu ətrafında maraqlı müzakirə aparırlar. Dördünün də üzü gülür. 


- Bakıda jurnalistikaya aid beynəlxalq konfrans keçirilirdi. Şəkildəkilər Şirməmməd müəllim, Nəsir müəllim və mən.  Nəsir Əhmədli ilə Şirməmməd Hüseynovun arasında dayanan, eynəkli kişi Gürcüstandan gələn nümayəndədir. Adını unutmuşam. Soyadı isə Tabidze idi. 



-Jurnalistikanın Nəzəriyyəsi və təcrübəsi kafedrasıdır. Dərsi müzakirə edirik. Başda oturan o vaxtkı kafedra müdiri Famil Mehdidir. Sol tərəfdəkilər sıra ilə Nəsir İmanquliyev, mən və Mahmud Mahmudovdur. Sağ tərəfdə, bizimlə üzbəüz oturan Adıgözəl Qəmbərovdur. O, fakültədə saathesabı dərs keçirdi.



-Şirməmməd müəllimin 80 illik yubileyinə yığışmışıq. Fotoda ortada oturan səbəbkardır. Onun sağındakı Cahangir Məmmədli, solundakı Nəsir Əhmədlidir. Ayaq üstə dayananlar isə şəkildə soldan sağa Məhəmmədismayıl Mehdiyev, Mahmud Mahmudov, mən, Əli Hacıyev və Qulu Məhərrəmlidir. 


-Bu foto, yəqin ki, hansısa məclisdə çəkilib. Dəqiq xatırlamıram. Ayaq üstə dayanan Zaur Babayevdir. Oturanlar isə şəkildə soldan sağa olan ardıcıllıqla mən, Əli Hacıyev, Nəsir Əhmədli və Qulu Məhərrəmlidir. 



-2015-ci ildir, Türkiyənin keçmiş paytaxtı Antalya şəhəri...On günlük tədbirə getmişdik. Bu foto ilə qəzetin dünyanın istənilən ölkəsində oxunduğunu göstərmək istəyirdik. Doğrudan da, qəzet zaman və məkan tanımır.


 -Kollektivimizin, demək olar, bütün müəllimləri bu fotoda var. Çoxu indi də dərs keçir, pedaqoji fəaliyyətlərinə davam edir. Bircə pandemiya dövrü bitsə idi, fakültəmizə qayıdardıq...



-Magistlərin diplom işi müdafiəsidir. İki il əvvəl. Ortada oturan müdafiə şurasının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. Mən və professor Həmid Vəliyev şəkildə onun solunda, professorlar Cahangir Məmmədli ilə Allahverdi Məmmədli isə sağındadır. Diplomçularımızın üzündən də hiss olunur ki, zəhmətlərinin bəhrəsini görüblər. 



-Bu, foto ötən ilə aiddir. Hələlik ən sonuncu kollektiv şəkillərimizdən biridir. Kimlər yoxdur ki? Professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Alxan Bayramoğlu, indiki dekan müavini Könül Niftəliyeva, dosent Zaur Babayev, baş müəllimlər Mirakif Babayev, Ayaz Musayev, müəllim Aytəkin Zeynalova...və sevimli tələbələrimiz. Fotonun simvolik cəhəti müəllim-tələbə birliyidir. Yetirmələrimiz bizim arxamızda dayanıblar. Onlar arxamızca gəlirlər...


P.S:
Hələlik bu qədər. Amma bu, son deyil. İnanırıq və arzu edirik ki, professorun “Keçmişdən gələcəyə” prinsipi ilə yığdığı, arxivinə əlavə etdiyi fotolar gələcəkdə daha çox olaacaq. Həmin fotolaar baxanlar, qeydləri oxuyanlar Jurnalistika fakültəsindən kimlərin gəlib-keçdiyini, nələrin yaşandığını biləcəklər. Həmin anlarda tanıyan da, tanımayan da Akif Rüstəmova alqış edəcək...