Min lirəyə aldı, 50 minə satmır - FOTOLAR


Klassik avtomobil həvəskarı onu qızına bağışlayacaq

Türkiyənin Elazığ şəhərində yaşayan 60 yaşlı Ateş Yağmur min lirəyə aldığı köhnə klassik avtomobili möhtəşəm formaya salıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, klassik avtomobillərə həvəs göstərən 60 yaşlı bir uşaq atası 7 il bundan əvvəl bir kənddə çürümək  üçün buraxılan 1974-cü il istehsalı olan bir "Anadol" markalı avtomobili sahibindən min lirəyə alıb. O, maşının orijinal hissələrinə toxunmadan ona  15 min lirə xərc çəkərək, möhtəşəm şəklə salıb. Hər kəsin marağına səbəb olan bu avtomobili  almaq istəyənlər  yeni sahibinə  50 min lirə təklif  etsə də, amma o, satmaq niyyətində olmadığını bildirib. 

"Bir qızım var, bu da mənim oğlumdur" deyən klassik avtomobil həvəskarı onu qızına bağışlayacağını bildirib. O vurğulayıb ki, maşını ilk görən zaman insanlar ona gülüblər:




 "Kənddə maşını gördüm, bəyəndim. İnsanlar ilk görən zaman onu geri qaytarmağımı və pullarımı sahibindən geri almağımı istədilər.  Lakin klassik avtomobillərə pul xərcləməyi sevirəm. Bu mənim hobbimdir. Lüks avtomobillərdən xoşum gəlmir.  1974-cü il, model yerli istehsaldır. Ona çox pul xərclədim.  Üzərində oturacağı belə yox idi. Sizcə, bir insan övladını tərk edə bilərmi? Əlbəttə ki, bilməz. Mən də bu maşını övladım kimi sevirəm. O mənim oğlumdur. 100 milyard versələr belə satmaq fikrim yoxdu.  Vəsiyyət etdim, öləndə qızıma verəcəyəm. O da oğluna verər".



Nəqliyyat vasitəsinə etibar etdiyini və ondan razı olduğunu dilə gətirən Yağmur əlavə edib ki, hətta onunla Hatay və İsgəndəriyyəyə də gedib: 



"Bu avtomobilmlə indiyədək 2300 kilometr yol qət etmişəm. Hətta gözü yumulu İstanbula da rahat gedib, gələ bilirəm. Getdiyim yerlərdə insanlar toplaşaraq, tamaşa edirlər, onunla maraqlanırlar. Mən də deyirəm ki, gedin öz lüks avtomobillərinizə baxın. Hətta klassik avtomobilimlə şəkil çəkdirmək istəyənlər belə olur. Mən də icazə verirəm".