Rusiya riskə getməz ! – “...Qarabağda müharibənin miqyası böyüyə bilər”

“Həm də bu gün onların funksiyaları sülhü təmin etməkdir”

“Əgər döyüşdə də ermənilərin tərəfin tutsalar, onda müharibənin miqyası böyüyəcək”

“Türkiyə də savaşa qoşulacaq. Çünki Rusiya ilə Ermənistan arasında olduğu kimi, bizim də aramızda hərbi pakt var”



“Növbəti müharibə demirəm amma Xankəndi və ətrafında antiterror əməliyyatı gözləyirəm”.
Bu sözləri “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli özünün “Facebook” hesabında yazıb. Əslində bu, təkcə onun yox, demək olar, bütün politoloqların, siyasi analitiklərin ortaq fikridir: Qarabağda son erməni terrorçusu tərksilah edilənədək düşmənlə heç bir kompromisə getmək olmaz. Bunu son hadisələr, o cümlədən Hadrut təxribatı da göstərir. Elə isə?

 

Ə.Məmmədli “Sherg.az”a deyib ki, bu “elə isə” bizim üçün dilemma yox, aksiom olmalıdır: 

“Bildiyiniz kimi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Amma buna əməl edən ancaq Azərbaycandır. Rusiya da, Ermənistan da şərtləri açıq-aydın pozur. Xankəndinin  Ermənistana birləşdirilməsi iddiaları,  Hadrut təxribatı, ermənilərin Laçın dəhlizi ilə gediş-gəlişinə rusların heç bir söz deməməsi, habelə çəkilən səmimi fotolar fikrimizi sübut edir. Əslində sülhməramlılar bölgəyə girəndə ermənilər oradan çıxarılmalı idi. Lakin bu, olmadı. Əksinə, rus telekanalları indi düşmənlərimizi təbliğ edirlər. Kreml rəsmiləri status məsələsini dolayısı yolla da olsa gündəmə gətirirlər. Halbuki biz statusu aradan qaldırmışdıq. Deməli, tərəflərdən ikisi “cığallıq” edirsə, bizim 10 noyabr bəyanatından imtina etməyə hüququmuz var”.

Ə. Məmmədlinin fikrincə, indiki situasiyada yeganə yol anti-terror əməliyyatlarını davam etdirməkdir: 

“Çörçil deyirdi ki, aqressorun qarşısında güzəştə getmək olmaz. İndiki halda təcavüzkar  hətta Rusiyadırsa, belə, biz qətiyyətli mövqeyimizdən dönməməliyik. Əks halda azad etdiyimiz torpaqları da itirə bilərik. Bölgədə rusların olması bizi qorxutmamalıdır. Birinci savaşda ruslar indikindən daha çox idi. Amma biz müəyyən uğurlar qazanmışdıq. Həm də bu gün onların funksiyaları sülhü təmin etməkdir. Əgər döyüşdə də ermənilərin tərəfin tutsalar, onda müharibənin miqyası böyüyəcək. Türkiyə də savaşa qoşulacaq.

Çünki Rusiya ilə Ermənistan arasında olduğu kimi, bizim də aramızda hərbi pakt var. Kreml sahibinin bunu bilə-bilə riskə gedəcəyini düşünmürəm”.