Türkiyə ilə Azərbaycan arasında hərbi plan: yeni hədəflər var

“Türkiyə kimi nüfuzlu dövlətin ordusu ilə hərbi təlimlərin keçirilməsi Azərbaycan üçün faydalıdır”

“Azərbaycan ordusu məhz qalib tərəf kimi təlimlərə qatılır”

“İki qardaş ölkə qarşılarına qoyduqları məqsədlərə nail olacaq”



Türkiyə ilə Azərbaycan fevralın 1-dən 12-dək Ermənistanla həmsərhəd olan Qarsda ortaq hərbi təlimlər keçirəcək. Təlimdə tank və artilleriya bölmələri, helikopterlər, xüsusi təyinatlı qüvvələrin birləşmələri iştirak edəcək. Türkiyə-Azərbaycan hərbi təlimləri erməni siyasi dairələrində normal hadisə kimi qəbul edilməyib. Onlar bunu erməni tərəfinə hər an müharibə başlaya biləcəyi barədə açıq bir mesaj kimi qəbul edirlər.
Hərbi təlimlər fonunda Ermənistanı narahat edən digər məsələ keçən həftə İslamabadda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının üçtərəfli görüşünün baş tutmasıdır. Bu formatda, üç ölkənin xarici siyasət rəsmiləri artıq ikinci dəfədir görüş keçirir. Müharibə zamanı, Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanı dəstəkləyirdi. Pakistan Azərbaycana qardaş olan ölkələrdən biridir, hətta Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir.



Təlimlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər getdikcə inkişaf edir:

“Bu münasibətlərin inkişafını daha çox hərbi sahədə görürük. Türkiyə ən çətin zamanlarda ölkəmizin yanında olub. Artıq Azərbaycan-Türkiyə hərbi təlimləri ənənəvi xarakter daşıyır. Hər il iki ölkə hərbi sahədə iş birliyini planlaşdırırlar. Hələ Vətən müharibəsindən öncə də Türkiyə ilə birgə irimiqyaslı hərbi təlimlər keçirirdik. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Qarabağ savaşında mənəvi dəstəyini göstərdi. Ordumuzun inkişafı və gücü Ermənistan işğalçılarını darmadağın etmək üçün yetərli oldu”.

Polkovnik vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri yenə də özünü inkişaf etdirir, döyüş hazırlığını yüksəltməklə məşğuldur:

“Türkiyə kimi güclü və nüfuzlu dövlətin ordusu ilə hərbi təlimlərin keçirilməsi Azərbaycan üçün faydalıdır. Fevral ayında keçiriləcək təlimlərin digərlərindən fərqliliyi var: Artıq Azərbaycan ordusu məhz qalib tərəf kimi təlimlərə qatılır. İki qardaş ölkə qarşılarına qoyduqları hədəflərə nail olacaq”.

Ermənistandakı narahatlığa gəlincə, Ş.Ramaldanov qeyd edib ki, bu təlimlər üçüncü bir dövlətə yönəlməyib:

“İki qardaş ölkə arasında olan iş birliyidir. Azərbaycan və Türkiyənin hansısa ərazi iddiası yoxdur. Onlar sadəcə döyüş hazırlıqlarını yüksəldirlər. Ermənilər isə hər zaman yuyulmamış çömçə kimi özlərini ortaya atıb, müəyyən bəyanatlar verirlər. Erməni xalqının öz rəhbərlərindən başqa düşməni yoxdur.

Onların hərbi-siyasi başçıları SOROS-un alətinə çevrilərək öz xalqını pis vəziyyətə saldı. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu təlimlərə yox, öz ölkəsindəki hadisələrə diqqət yönəltməlidir”.