DYP aparıcını yalanladı: Qayda pozuntusu faktlarla sübut olunub

Bir neçə gün öncə AzTv-nin aparıcısı Aydan Axundovanın YPX işçisi Eldar Niftəliyevdən şikayəti yayılıb. O, İnstaqram səhifəsində status yazaraq polis əməkdaşının ona qarşı kobudluq etdiyini söyləyib. Məsələ ilə bağlı “Sherg.az”a Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəsmi açıqlamasında qeyd edilib ki, xanımın yol verdiyi qayda pozuntusu faktlarla sübut olunub:

“Həmçinin kimsə onunla kobud danışmayıb. Eyni zamanda bu polis əməkdaşının adının hallanmasına əsas verən məsələ deyil. Burda qeyri adi nə isə  yoxdur. Çünki əməkdaşımız dayanma-durma qaydasının pozulması faktını aşkarlayıb. Bu zaman protokollar foto-şəkillər əsasında yazılır. Avto-nəqliyyat vasitəsinin içərisi çəkilir, boş olması göstərilir. Dayanma-durma qadağan olan yerdə saxlanılması da əks olunur. Sonra inzibati-xətalar məcəlləsinə uyğun protokol tərtib edilir. Əməkdaşın nəqliyyat vasitəsinin sahibi ilə ünsiyyətdə olmasına da ehtiyac yaranmır. Sadəcə məlumatlandırıblar ki, dayanma qadağan olan ərazini boşaldın. Polisin qanunla tələbidir və əməl olunmalıdır. Əks halda inzibati qaydada tədbir görülür. Qayda pozuntusu xüsusi texniki vasitələrlə aşkarlanıb, sistemə ötürülür. Burda ziddiyətli bir məqam qalmır. Faktlarla sübut olunmuş qayda pozuntusudur və cəriməsi də yazılıb. Əgər orda əməkdaşımız təhqiramiz ifadə işlədibsə, ya da nəzakətsizlik olubsa, biz müdaxilə edib,qanunla araşdırma apara bilərik. Vətəndaş  isə bildirib ki, mənə “sən” deyərək kobudluq edilib. Lakin bu kobudluq nümunəsi deyil. Polis əməkdaşı böyük bir qəbahətə yol verməyib. Qanunun tələbləri hamı üçün eyni dərəcəlidir. Hər kəs bütün məsələləri hüquq çərçivəsində həll edib, münasibət bildirməlidir”.