Ermənistanın daha ağır günü qabaqdadır

Vaxt itirmədən işə başlamaq lazımdır

"Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi prosesində həmin foto və videogörüntülərdən də istifadə olunacaq"

“Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır”. Bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib. “Erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan edib, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam edib. Həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq.

Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir” – deyə o, bildirib.


Mövzu ilə bağlı "Şərq"ə danışan politoloq İlyas Hüseynov qeyd edib ki, hazırda Azərbaycan Ermənistan işğalından  azad etdiyi ərazilərin minalardan təmizlənməsi fəaliyyətini həyata keçirir. Daha sonra Ermənistana qarşı təzminat davası ilə bağlı monitorinqlər və hesablamalar həyata keçiriləcək:

"Qeyd edim ki, burada minalardan təmizlənmə fəaliyyəti ilə paralel olaraq Azərbaycana 30 ilə yaxın müddət ərzində dəymiş zərərin hesablanması ilə bağlı genişmiqyaslı fəaliyyət də həyata keçirilir. Monitorinq işinin aparılmasında beynəlxalq təcrübədən də istifadə olunmaqdadır.  Bu sahədə ixtisaslaşmış təşkilatların nümayəndələri də ölkəmizə dəvət olunur  və onların təcrübəsindən istifadə olunur. Eyni zamanda dəymiş ziyanın hesablanması zamanı nəinki ermənilərin talan etdiyi maddi-mənəvi irsimiz, dağılmış evlər, inzibati binalar, o cümlədən burada qeyri-qanuni iqitisadi fəaliyyətə də geniş diqqət ayrılacaq. Çünki bu müddət ərzində bir sıra dövlətlərin şirkətləri Azərbaycanın faydalı qazıntılarını istismar ediblər və burada böyük mənfəət əldə ediblər. Fikrimcə, bu ziyanın hesablanması və dəymiş zərərin ödənilməsi ilə bağlı beynəlxalq instansiyalara müraciətlər həyata keçirilməlidir". 

 İ.Hüseynov vurğulayıb ki, qiymətləndirmədə dəymiş ziyanı hesablamaq üçün müasir texnologiyaların köməyindən də istifadə oluna bilər:

"Bizə dost, tərəfdaş olan dövlətlərin də müasir texnologiyasından istifadə etmək mümkündür. Bunun üçün müəyyən mexanizmlər var və hüquqi prosedurun həyata keçirilməsi üçün genişmiqyaslı fəaliyyət həyata keçirilməlidir. Hazırda biz müşahidə edirik ki, dünyada bu cür fəaliyyəti həyata keçirən şirkətlər var. Bir də əsas məsələ ondan ibarətdir ki, ermənilər artıq onlara qarşı olan təzminatla bağlı müraciətləri bilərəkdən 44 günlük müharibə dövründə Ermənistan tərəfinin guya ki, əhalisinin əziyyət çəkməsi, dağıntılarla bağlı artıq beynəlxalq instansiyalarına müraciətlər ünvanlanır. Bu, ermənilərin özünü qoruma instinkti kimi də qiymətləndirilə bilər".

Politoloq əlavə edib ki, diplomatik, siyasi periodda məsələləri və müəyyən problemləri qabaqlamaq, önləmək böyük əhəmiyyət kəsb edir:

"Ona görə də təzminatla bağlı fəaliyyəti tez bir zamanda bitirmək lazımdır. Ən azından həyata keçirilmiş fəaliyyətlə bağlı olaraq artıq müraciətlər ünvanlana bilər. Çünki müraciətlərin ünvanlanması da beynəlxalq təşkilatlar, eləcə də ikitərəfli müstəvidə həyata keçiriləcək. Bu istiqamətdə işğaldan azad olunan ərazilərdə beynəlxalq təşkilatların, eləcə də Azərbaycanda olan səfirliklərin nümayəndələrinin tez-tez səfər etməsinin də çox yaxşı nəticələri ola bilər. Çünki həmin diplomatlar Azərbaycana dəymiş ziyanı gözləri ilə görürlər və onlarda müəyyən bir təəssürat formalaşır. Eyni zamanda Azərbaycanda Zəfər muzeyi də təsis olunacaq. Vətəndaşlara da müraciətlər edilib ki, onların ailə fotoları və işğaldan öncəki fotolar toplanılsın.

Bu fotoların köməkliyi ilə də müəyyən bir mənzərə formalaşa bilər. Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi prosesində həmin foto və videogörüntülərdən də istifadə olunacaq. Bu, geniş spektrli fəaliyyətdir. Burada tədqiqat işi aparılmalıdır. Bu tədqiqat yerli və xarici mütəxəssislərdən formalaşmalıdır. Bu fəaliyyətin nəticəsində müfəssəl məlumatlar toplanacaq. Daha sonra bunun həm 30 il öncəki maddi ekvalentində, həm də günümüzün qiymətləndirilməsində müəyyən bir rəqəm ortaya çıxacaq.

Bundan sonra isə bu pulun ödənilməsi ilə bağlı Ermənistana qarşı tələb irəli sürülə bilər. Biz bilirik ki, Ermənistanın xaricdə güclü dəstəkçi və lobbi qrupları var. O qruplara da qalib gəlmək lazımdır.  Buna görə də Ermənistan dövlətindən təzminat almaq ilə bağlı müraciət obyektiv və dolğun olmalıdır ki, Ermənistanın beynəlxalq mövqelərini sarsıdan fəaliyyət həyata keçirilsin. Bu istiqamətdə Azərbaycan diplomatiyası fəaliyyət həyata keçirməlidir. Düşünürəm ki, buna nail olmaq olar. Çünki 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan tərəfi bu prosesin yerindən tərpənməsini istəmirdi.

Bunun üçün müəyyən əngəllər törədilirdi. Azərbaycan əgər bu maneələri aşa bildisə, təzminatla bağlı məsələlərdə də əzmkarlıqla qətiyyət nümayiş etdirib qalib ola bilər".