Yalandan ajiotaj yaradılır

Azərbaycan vaksindən o zaman imtina edə bilər ki, ÜST mənfi rəy versin


Avropa ölkələrində vaksinin çox ciddi yan təsirləri qeydə alınıbsa, Azərbaycan da bu vaksindən imtina etməlidirmi?  
Norveç Dərman Preparatları Agentliyinin baş həkimi Siqurd Hortemo və Norveç İctimai Səhiyyə İnstitutu COVID-19 əleyhinə "AstraZeneca" vaksini ilə bağlı narahatlıq doğuran məlumat yayıb. Məlumata görə, "AstraZeneca" vaksini vurulmuş şəxslərin ağciyər arteriyasında yüksək tromboemboliya (qan damarının laxta ilə tıxanması), venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomlar yaranıb. Danimarka və Norveçin "AstraZeneca"nın tətbiqini dayandırmasından öncə Avstriya qanın laxtalanmasının pozulması və ağciyər arteriyasında tromboemboliya səbəbindən ölüm faktını araşdırması üçün bu peyvəndin istifadəsinə ara verib.

Qeyd edək ki, Azərbaycan da Çinin “CoronaVak” peyvəndindən sonra “AstraZeneca” vaksininin tətbiqinə hazırlaşır. Bununla bağlı Baş nazir Əli Əsədovun sərəncamı var. Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə imzalanmış sərəncama  görə, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının "AztraZeneca" Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilməlidir.

Lakin Avropa “AstraZeneca”dan imtina edir. Niderland, İspaniya, Almaniya, Fransa və İtaliya da "AztraZeneca" vaksininin tətbiqini dayandırıb. İtaliyanın Biella şəhərinin prokurorluğu isə peyvənd vurulmuş musiqi müəlliminin ölümündən sonra “AstraZeneca” vaksin partiyasına həbs qoyub.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan vaksindən o zaman imtina edə bilər ki, onun zərəri barədə Dünya Səhiyyə Təşkilatı rəy versin: 

- “AstraZeneca” ABŞ-ın Oksford Universitetinin tədqiqatçıları tərəfindən yüksək səviyyədə hazırlanmış vaksindir. İngiltərədə bu vaksin 20 mindən çox insana vurulub. Və cəmi 3 nəfərdə yan təsirlər müşahidə edilib. Hesab edirəm ki, bu bir ajiotajdır. Azərbaycan o zaman bu vaksindən imtina edə bilər ki, ÜST onunla bağlı mənfi rəy versin və qadağan etsin. ÜST-nin vaksinə dair müvafiq rəyi olmadan ondan imtina etmək doğru deyil. Vaksindən imtina üçün əvvəlcə məlumatların  təsdiqlənməsi gərəkdir.
  
A.Qeybulla bildirdi ki, Azərbaycanın koronavirus peyvəndini müxtəlif şirkətlərdən almasının səbəbi gərəkən miqdarda vaksin istehsal edilməməsidir: 

- Koronavirus əleyhinə Azərbaycanın əvvəlcə danışıq apardığı şirkətlər vaksinləri verə bilmədi. Azərbaycan çətin vəziyyətdə qaldı. Yenə də qardaş Türkiyənin köməyi ilə Çinin “CoronaVak” peyvəndini ölkəyə gətirə bildik. Vaksin istehsalı çox çətin bir prosesdir. Vaksin üçün material lazımdır. Ona görə də şirkətlər lazımi dozada vaksin istehsal edə bilmir. Dövlətlər məcburdur, müxtəlif şirkətlərdən vaksin alsınlar. Vaksin istehsal olunduqca onu almağa çalışırlar. Eləcə də Azərbaycan. 

A.Qeybulla koronavirus əleyhinə peyvəndin orqanizmdə yan təsirlər yarada biləcəyi məsələsinə də toxundu: 

- Vaksin ölü virusdur. O, orqanizmdə ciddi fəsad yarada bilməz. Bununla belə peyvəndləmədə iştirak edən şəxslər həkim məsləhəti alsalar yaxşıdır. Məsələn, anti-kor testi də verilə bilər, bədənin immun qabiliyyətinin müəyyənləşməsi üçün.  Müəyyən dərman preparatlarına allergik reaksiyası, ümumiyyətlə, allergiyası olanlar ehtiyatla davranmalıdır. Amma hətta belə insanlara da fon yaradılaraq vaksin vurula bilər. 
    
Ümumdünya Səhiyyə Təşkilatı isə "AstraZeneca" vaksininin təhlükəsi barədə bütün siqnallar üzrə aparılan analizin nəticələrinin həftə ərzində məlum olacağını açıqlayıb. Bunu RİA Novosti-yə ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris bildirib. Buna rəğmən qurum koronavirus əleyhinə vaksinasiyanın mümkün qədər sürətli aparılmasını məsləhət görüb.

Bu barədə isə ÜST-nin İmmunizasiya və Vaksin Departamentinin rəhbəri Ketrin O`Brayen Avroparlamentin komitə iclasının dinləməsində danışıb. O, vaksinin təhlükəli olduğu barədə siqnallardan deyil, peyvənddən qabaq testdən keçmək məsələsinə toxunub: "ÜST bu barədə dəqiq mövqe bildirib - belə bir tövsiyə yoxdur.

Peyvənddən öncə insanların testdən keçirilməsi zərurəti və ya tələbi vaksin alınmasında onlar qarşısına yeni bir sədd çəkir. Yoluxanların heç də hamısında xəstəliyə qarşı uzunmüddətli immunitet yaranmayacaq. Yüksək risk qruplarından başlayaraq vaksinasiyanı mümkün qədər sürətli davam etdirmək məsləhətdir".