Ermənistanda yeni xaos dalğası: “...Növbəti faciələrlə üzləşəcək”

“Azərbaycan uzun müddət israrla bəyan edirdi ki, regionda davamlı sabitlik və tərəqqi üçün dağıdıcı ambisiyalardan, aqressiv və qeyri-konstruktiv mövqedən uzaq yanaşma sərgiləmək lazımdır. Daha dəqiq desək, Ermənistanın işğalçı siyasətinə və təcavüzkar mövqeyinə son qoyulmalıdır”. Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, lakin Ermənistan separatizmə rəvac verən işğalçı mövqeyindən əl çəkmədi:

“44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan, erməni faşizminin başını əzən Azərbaycanın yaratdığı reallıqlar isə təkcə respublikamız deyil, bütövlükdə region üçün mühüm dividendlər vəd edir.

Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir. Bütövlükdə, Azərbaycanın gələcəyə aydın strateji baxışları var.

Ölkəmiz sülh və əməkdaşlıq tərəfdarıdır. Bunlarla yanaşı, yaranmış reallıqlardan biri ölkəmizin yerləşdiyi regionun yeni geostrateji status əldə etməsidir. Şərqdən Qərbə geosiyasi tranzit oxunun mərkəzi nöqtələrindən olan bu bölgə, şübhəsiz ki, yeni mərhələdə çoxaktorlu - multilateral əməkdaşlıq platformasına çevriləcək”.

N.Qələndərli vurğulayıb ki, eyni zamanda, Azərbaycanın öz hərbi-siyasi gücü və diplomatik resursları vasitəsilə Cənubi Qafqazda yaratdığı təhlükəsizlik sistemi Avrasiyada yeni çoxşaxəli strateji işbirliyi mexanizminin formalaşmasını şərtləndirib:

“Yeni mərhələdə bir sıra geosiyasi ittifaqlar Cənubi Qafqazın iqtisadi dividendləri və nəqliyyat-logistika imkanları üzərində təşəkkül tapacaq. Və bu bölgə Avrasiya geostrateji məkanının "heartland" nöqtələrindən birinə çevriləcək. Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsbit edir və region üçün yaxşı perspektivlər açır.

Ermənistan məhz bu faktları nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır. Daha dəqiq desək, “dəmir yumruğun” zərbəsi altında əzilmiş Ermənistan müharibənin nəticələrindən dərs çıxarmalı, təxribatçı hərəkətlərdən çəkinməlidir.

Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda konstruktiv mövqedən çıxış etmək, əməkdaşlıq imkanlarından istifadə və perspektiv layihələrdə iştirak etməkdir.

Əks halda, bu ölkə yeni xaos və tənəzzül dalğası, o cümlədən növbəti faciə və fəlakətlərlə üzləşəcək”.