“Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu, hər şeydən öncə Azərbaycanın beynəlxalq nüfuzu və kosmik kluba üzv olması ilə bağlıdır:
“Nəzərə almaq lazımdır ki, bu tədbir müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pensin iştirak etməsi bu tədbirin nə qədər əhəmiyyətli bir tədbir olmasından xəbər verir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və ona olan inamın və etimadın göstəricisidir. Eyni zamanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlarının nəticəsidir. Hazırda Azərbaycanın 3 peyki var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Bəllidir ki, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək üçün iddialı olan çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Ancaq bu güclü rəqibləri arxada buraxaraq ev sahibliyi hüququ əldə etməyimiz bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər böyük nüfuza sahib olduğundan xəbər verir. Tədbirin keçirilməsi üçün yetərli infrastruktur və lojistikaya malik olmamızın sübutudur. “Azərkosmos” qısa müddət ərzində çox böyük uğurlara imza atmaqla xidmət sahəsində ölkəmizin ən böyük ixracatçısına çevrilməyi bacarıb”.
Parlament üzvü bəyan edib ki, bütövlükdə Azərbaycan ixracat sektorunda üçüncü yerdədir:
“Bu göstərici təkcə neft və digər ənənəvi sahələrdə deyil intellektual və innovativ texnologiyalar sahəsində də Azərbaycanın mühüm uğurlar əldə edə biləcəyinin sübutudur. Ancaq bir mühüm faktı da qeyd etmək lazımdır ki, “Azərkosmos”un idarə olunması və müvafiq xidmətlərin ixrac edilməsi həm də yüksək dərəcədə ixtisaslaşmış kadrlar sayəsində mümkün olan bir hadisədir. Bu da müvafiq sahədə ölkəmizdə mühüm kadr potensialının mövcudluğundan xəbər verir. Bununla yanaşı peyk xidmətləri təkcə ixracat və valyuta əldə etmək vasitəsi deyil. Həm də ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarla bağlı önləyici tədbirlərin görülməsi üçün də əhəmiyyətlidir. Konqres eyni zamanda bütün dünyanın diqqətini bir daha Azərbaycana çevirəcək. Yeni müqavilələrin imzalanması, yeni texnologiyaların cəlb edilməsi əməkdaşlıq etdiyimiz ölkələrin sayının və coğrafiyasını genişlənməsi hasidəsi olacaq. Bu da ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni perespektivlər yaradacaq”.