" Zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır" - Millət vəkili 

"Həmrəylik nümayiş etdirsək, pandemiyadan ən az zərərlə çıxacağıq”

"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan iqtisadiyyatına dəyə biləcək zərərin aradan qaldırılması istiqamətində dörd işçi qrupu yaradılıb".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat bəyan edib ki, koronavirus nəticəsində iqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır:

"İşçi qrupların yaradılmasında əsas məqsəd sözügedən problemdən az itki ilə çıxmaqdır. İşçi qrupları hüquqi və fiziki şəxslərə və sahibkarlara dəyə biləcək zərərin aradan qaldırılması, məşğulluğun davamlı şəkildə həyata keçirilməsi, manatın məzənnəsinin qorunması və digər məsələlərlə bağlı tədbirlər həyata keçirir. Görülən bütün tədbirlərin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və iqtisadiyyatımıza dəyə biləcək zərərin aradan qaldırılmasıdır".

Parlamentarinin sözlərinə görə, burada hər bir vətəndaşın da üzərinə böyük məsuliyyət düşür: 

"Hər bir vətəndaş Operativ Qərargahın qoyduğu qaydalara riayət etməli, özlərini izolyasiya etməli, zərurət olmadan evdən çölə çıxmamalı, özünün və ailə üzvlərinin sağlamlığını qorumalıdır. Bununla da bütövlükdə cəmiyyətimizi, dövlətimizi qorumuş olarıq. Bu məsələdə həmrəylik nümayiş etdirsək, pandemiyadan ən az zərərlə çıxacağıq”.

Qeyd edək ki, pandamiya ilə əlaqədar sahibkarlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir.