“Ermənistanda xaos, anarxiya hökm sürür, buna baxmayaraq, ehtiyatımızı əldən verməməliyik" -  Millət vəkili 

“Ağdamın işğaldan azad edilməsi Azərbaycanın gücünün göstəricisidir”. 

Bu sözləri millət vəkili Cavid Osmanov deyib. 

Deputat vurğulayıb ki, Ermənistan həm döyüş meydanında, həm də diplomatiyada uduzub: 

“10 noyabr bəyanatı Ermənistanın tam kapitulyasiyası idi. Azərbaycan Ermənistan üzərində parlaq qələbə qazanıb. Bəyanatın əhəmiyyəti həm də ondan ibarətdir ki, 3 rayon - Ağdam, Kəlbəcər və Laçın dekabrın 1-dək Azərbaycana döyüşsüz qaytarılır. Artıq Ağdama Azərbaycan Ordusunun bölmələri daxil olub, rayon artıq tam nəzarətimizdədir. Ağdamın Azərbaycana qaytarılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi nəticəsində baş verib. Prezident qeyd etdi ki, Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, rayonların qaytarılmasını nəzərdə tutan bəyanata imza atdı. Torpaqlarımız 30 ilə yaxın idi ki, işğal altında idi, sülh danışıqları heç bir nəticə vermirdi. Nəhayət, işğaldan azad edildi və bu hadisələr tarixdə qızıl hərflərlə yazılacaq”.

Parlament üzvü bildirib ki, düşmən çox məkrli və hiyləgərdir, təxribatlar törətməyə meyillidir: 

“Ermənistanda xaos, anarxiya hökm sürür. Buna baxmayaraq, ehtiyatımızı əldən verməməliyik. Dövlət başçısı xalqa müraciətində qeyd etdi ki, düşmən əgər təxribat törətməyə cəhd göstərərsə, dəmir yumruğu qarşılarında görəcəklər. Azərbaycan ordusu hər bir təxribatın qarşısını almağa hazırdır. Ali Baş Komandan çıxışında bəzi dövlətlər, o cümlədən beyləxalq təşkilatlarla bağlı da fikirlərini açıqladı. Məlumdur ki, Avropa Parlamenti, Avropa Şurası susqunluq nümayiş etdirir. Şahid olmuşuq ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı həmişə qərəzli olublar. Həmin beynəlxalq təşkilatlar hazırda Ermənistandakı vəziyyəti görməzdən gəlirlər. Orada insan hüquq və azadlıqları kobud şəkildə pozulur, ictimai fəallar təqib edilir, həbs olunur. Ermənistanda azad sözə yer yoxdur, diktatura hökm sürür. Belə olan halda, beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyətlə bağlı susurlar. Təbii ki, bu, qəbulolunmazdır. Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına da göz yumublar. Onların Azərbaycana qarşı qərəzli mövqeyi prosesə ciddi təsir edə bilməz. Çünki Azərbaycan güclü və qüdrətli dövlətdir. Ali Baş Komandan bu müddət ərzində bütün təzyiqlərə sinə gərib. Əminik ki, gələcəkdə də belə olacaq”.