"Azərbaycan imkanlarını Zəngəzur dəhlizinin reallaşmasına səfərbər edib" 

"Baş verənlər fonunda orduya “həyəcan siqnalı” verilməklə təlimlər keçirilməsi də xəbərdaredici mesaj daşıyır"


“Rusiya hazırkı geosiyasi mənzərədə əqrəblərini həm Bakı, həm də İrəvanla tutuşdurmağa üstünlük verir”. Bu barədə siyasi şərhçi, araşdırmaçı-jurnalist Aqşin Kərimov deyib. Analitik vurğulayıb ki, bundan əvvəl Gümrüdəki 102-ci bazadan olan kontingentin Sünikdə (Zəngəzur) yerləşdirilməsinə dair məlumatlar açıqlanmışdı. Onun fikrincə, Rusiya bu gedişlə Ermənistana dəstək görüntüsü yaratmağa, sərhədlərinin mühafizəsini gücləndirmək missiyası kimi mövqe sərgiləyən fon yaratmağa çalışır:

“Təbii ki, Rusiya bu prosesin Azərbaycanda narahatlıqla izləndiyini bilir və maraqlarını Bakının mövqeyi ilə uyğunlaşdırmaq üçün danışıqlar aparır. Birincisi ona görə ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın da marağındadır, bu, Moskva üçün əlavə iqtisadi imkanlar vəd edir. Zəngəzur dəhlizinin reallaşması üçün isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın istədikləri mütləq nəzərə alınmalıdır. İkincisi, Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizini icra edəcəyik” kimi ultimativ bəyanatından sonra Nikol Paşinyan müti şəkildə elan etdi ki, İrəvan bəyanatın bütün bəndlərini yerinə yetirməyə hazırdır”. 

A.Kərimov qeyd edib ki, Rusiya həm də Ermənistandakı hərbi qüdrətini artırır, bununla da İrəvana diktə etmək imkanlarını genişləndirir:

“Eyni zamanda Azərbaycanın da maraqlarını təmin etməyə çalışır. Bəs kim nə qazanır? Aydındır ki, müharibədən sonra Paşinyanın Qərb təmayüllü ritorikasını Rusiyaya simpatiya əvəzləyib. Rusiya Paşinyana başa salır ki, “hakimiyyətdə qalmaq istəyirsənsə, mənim əlimə oynamalısan”. Əks halda isə Robert Koçaryan kimi ehtiyat kadrı var və onu dövriyyəyə salır. Rusiya onu da başa düşür ki, Koçaryanın seçkilərdə qələbə qazanmaq şansı aşağıdır. İndi şübhə qalmır ki, Rusiya özü də Paşinyana hakimiyyətdə qalması üçün vədlər verir, həm də Zəngəzur dəhlizi üçün diktələrini yeridir. Rusiyanın diplomatik fantaziyaları sərhəd tanımır. Kreml həm Ermənistanı daha da asılı vəziyyətə salır, Paşinyanı nəyəsə inandırır, həm Koçaryanı dövriyyəyə salır, həm də maraqlarını Bakı ilə uzlaşdırır”.  

Siyasi şərhçiyə görə, Paşinyan sərhədlərin müəyyənləşməsi üçün Bakının və Rusiyanın diktəsi altında hərəkət edir:

“Bununla belə Paşinyanın nəzəri də olsa öz oyun qaydaları var. Lakin təşəbbüsləri elə “bələkdəcə boğulur”. Çıxılmaz vəziyyətdə qalan Paşinyan üçün daxili auditoriyanı sakitləşdirmək lazımdır. O səbəbdən İrəvan üzdə problemin həlli üçün guya bütün resurslarını işə saldığına dair görüntü yaratmaq məcburiyyətindir. Elə KTMT-yə müraciət də bu qəbildəndir.

Paşinyan bununla həm görüntü yaradır, həm də nüfuzunun qalxması üçün hərbi təşkilatdan ümidlərinin reallaşmasını sınamaq niyyətlərini ortaya qoyur.

Ancaq Azərbaycan bütün ölçüləri götürüb və diplomatik kanallar Bakı üçün ən əlverişli mənbələrə çevrilib. Rəsmi Bakı Ermənistanın oyun qaydalarını pozmaq cəhdlərindən vaxtında məlumat alır və dəyirmanın çarxına çomaq soxmaqla İrəvanın hərəkətinə mane olur. Azərbaycan bütün imkanlarını Zəngəzur dəhlizinin reallaşmasına səfərbər edib. Baş verənlər fonunda orduya “həyəcan siqnalı” verilməklə təlimlər keçirilməsi də xəbərdaredici mesaj daşıyır.

Rusiyanın öz maraqları olsa da, Azərbaycanla konfrontasiyaya getmək niyyətində deyil”.