İranlı deputat əndazəni aşdı

"Müctəba Zolnurinin son bəyanatı təcavüzkar Ermənistana açıq rəğbətin və dəstəyin təzahürüdür"

"Biz Ermənistanla necə danışmaq lazım olduğunu gözəl bilirik. Bu sahədə məsləhətə ehtiyac duymuruq"


İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zolnuri Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı qərəzli açıqlamalar verib. Zolnuri iki ölkə arasında hansısa sərhəd dəyişikliyinin yolverilməz olduğunu, Tehranın buna imkan verməyəcəyini söyləyib: “İranın mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq bizim üçün məqbul deyil. Keçmişin sərhədləri tamamilə qorunmalıdır”. 

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası beynəlxalq qanunun tələblərinə əsasən həyata keçirilir. Belə məqamda qonşu ölkənin müəyyən rəsmi şəxslərinin regiondakı reallıqlara əsassız yanaşması qəbuledilməzdir. Əslində bizim də məqsədimiz iranlı deputatın dediyi kimi “keçmiş sərhədlərin” bərpasıdır. Bəzi İran rəsmiləri nədənsə anlamaq istəmirlər ki, Azərbaycan hansısa ölkənin ərazisinə iddia etmir və yalnız beynəlxalq hüquqla tanınmış sərhədlərinin bərpasına çalışır. Sərhədlərin dəqiqləşdirilməsi İran daxil olmaqla heç bir ölkənin maraqlarına toxunmur. Əfsuslar olsun ki, Müctəba Zolnurinin son bəyanatı isə təcavüzkar Ermənistana açıq rəğbətin və dəstəyin təzahürüdür. 

Millət vəkili, MCP sədri Razi Nurullayev bildirib ki, Zolnurinin Azərbaycan-Ermənistan sərhədində baş verən son olaylardan dolayı səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır. Deputatın sözlərinə görə, əgər Azərbaycan öz sərhədlərini bərpa etmək üçün lap 30 km Ermənistanın içərilərinə doğru irəliləyərsə, bunu dəstəkləyirik:

“Bizim heç kimin torpağında gözümüz yoxdur, amma bizə aid olanları da heç kimə vermək fikrində deyilik. Azərbaycan öz sərhədlərini bərpa etmək üçün hərb dili ilə də danışmağa hazır ölkədir və bunu əməldə sübut edib. Zəngəzur da tarixi yurdumuzdur və ora dönəcəyik, sadəcə, geci-tezi var. Çox təəccüblüdür ki, necə olub ki, cənab deputat 30 il 130 km sərhədin dəyişdirilməsinə, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərinin pozulmasına tab gətirə bilib? Əgər sərhədlərin qorunmasında bu qədər israrlıdırsa, 30 il ərzində cənab deputatın gözünə yuxu getməməliydi. Biz Ermənistanla necə danışmaq lazım olduğunu gözəl bilirik. Bu sahədə məsləhətə ehtiyac duymuruq”. 

İlahiyyatçı-yazar, Tural İrfan da “Şərq”ə vurğulayıb ki, İran parlamentinin Komitə sədrinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qonşuluq dəyərlərinə ziddir. Onun sözlərinə görə, son olaylarla bağlı iranlı deputatın sərgilədəyi mövqe islami prinsiplərin də əksinədir:

“Ermənistan illərlə islamı, dini abidələri, məscidləri təhqir edib. Ona qarşı səsini çıxarmayan adamlar indi Azərbaycan əleyhinə danışmaq üçün sıraya düzülüblər. Ermənistanı və erməniləri onlardan daha çox müdafiə etmək, özü də haqsız qahmar çıxmaq müsəlmanlıqla, islamla daban-dabana ziddir. Çünki ermənilərin islami dəyərlərə və insanlığa vurduqları zərbə dünyaya məlumdur. Quranda Allah-təala buyurur ki, “iman gətirənlər qardaşdır”. Deyilmir ki, “İranla Ermənistan qardaşdır”. Yəni səhv salmaq lazım deyil. İslama iman gətirənlər etibarlı qardaş olmalıdırlar, xəyanətkar deyil. İmam Əli buyurur ki, zalım, zalıma yardım edən və zülmə susan – bunların hər üçü günaha ortaqdır. Azərbaycan Respublikası üçün zalım terrorçu Ermənistandır. İmam Əlinin yolunu getdiyini iddia edənlər daha vicdanlı düşünməlidirlər. Elə etmək lazımdır ki, Qiyamət günü o müqəddəslərin üzünə baxmağa üzləri olsun”.