Torpaq məsələsində güzəştə gedə bilmərik

Millət vəkili: "Biz yumşaq davrandıqca, ermənilərin nazı ilə oynadıqca, onların ayağı yer alır"


“Azərbaycan ictimaiyyətinin fikirlərinə nəzər saldıqda görürük ki, bizim Rusiyaya etimadımız yoxdur”. 
Bunu “Şərq TV”-nin “Düzünü deyək” verilişində millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib. 
Partiya rəhbəri bildirib ki, Rusiyanın səmimiyyətinə çox da inanmırıq: “Çünki Rusiya ermənipərəst ölkə kimi dəyərləndirilir. Əlbəttə, bunu deməkdə kifayət qədər əsaslarımız var. Amma erməni mediasına baxdıqda, onların da Moskvadan narazı olduğunun şahidi oluruq. Ermənilər düşünürlər ki, Rusiyanın vasitəçiliyi ilə aparılan delimitasiya və demarkasiya Azərbaycanın xeyrinə həll olunacaq.

Lakin Rusiya üçün önəmli olan əsas məqam regionda öz maraqlarını qorumaqdır. Kreml üçün hansısa kəndin, yaxud gölün Azərbaycan, ya da Ermənistan tərəfdə qalması o qədər də mühüm deyil. Hazırda ATƏT-in Minsk Qrupunun bütün səlahiyyətlərini Rusiya öz üzərinə götürüb. Əslində bu, bizə sərf edir, çünki həmsədrlər 30 ilə yaxın heç bir iş görə bilməyiblər.

Şübhəsiz, başımızın altına yastıq qoyub rahatlaşa bilmərik. Azərbaycan qanuni sərhədlərini bərpa etmək üçün sonadək getməlidir. Əlimizdə cümhuriyyət və sovet dövrünün, xüsusən 1975-ci ilin xəritələri var. O cümlədən hərbçilərin də özünəməxsus xəritələri mövcuddur. Əgər bu xəritələrdə göstərilirsə ki, Azərbaycana məxsus ərazilər 30 kilometr Ermənistandan içəri girir, ordumuz irəliyə gedərək həmin bölgəyə bayrağımızı sancmalıdır”. 

Parlament üzvü vurğulayıb ki, biz torpaq məsələsində güzəştə gedə bilmərik:

“Ərazi bütövlüyümüz tam bərpa olunmalıdır. Ermənilərə güzəşt üçün heç bir əsasımız yoxdur. Şəxsən, mənim ermənilərə qarşı qəlbim daşa dönüb. Biz yumşaq davrandıqca, ermənilərin nazı ilə oynadıqca, onların ayağı yer alır. Ermənilər hələ mədəni xalq səviyyəsinə yüksəlməyiblər. Rusiyadan da tələb etməliyik ki, iki dövlət arasında sərhədlərin müəyyənləşməsi mövcud xəritələr əsasında aparılsın. Mövqeyimizdə qətiyyətli olmalıyıq”.