İcra başçısı şəhid anasının qarşısında diz çökdü

"Sevinirik ki, məmurlarımız da yavaş-yavaş vicdanlı hala gəlir, saflaşır, paklaşırlar"


Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovun dəfn mərasimində maraqlı anlar yaşanıb. Şəhid hərbçi II Fəxri Xiyabanda torpağa tapşırılıb və dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb. Şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağı onun anasına təqdim olunub.

Bayrağı təqdim edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid anasının qarşısında diz çöküb. İcra başçısının hərəkəti ictimaiyyət nümayəndələri tərəfindən təqdir olunub. Vurğulanıb ki, əsasən tənqidi məqamlarla gündəmə gələn merlərin bu cür davranışları xoş təsir bağışlamaqla yanaşı, yüksək keyfiyyətlərə malik məmurların varlığından da xəbər verir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə açıqlamasında vurğulayıb ki, icra başçısından belə hərəkət görmək sadəcə şəhid yaxınları deyil, hər kəs tərəfindən məmnunluqla qarşılanır. QAT rəhbərinin sözlərinə görə, dövlət və rəhbərlik tərəfindən şəhid ailələrinə böyük hörmət, diqqət və qayğı göstərilir:

“Şəhid ailələrinin təminatı qanunla tənzimlənib. Amma onlara göstərilən münasibət birbaşa insanın vicdanından, şəxsi keyfiyyətindən asılıdır. Xalqımız Vətən, torpaq uğrunda canını fəda etmiş insanların ailə üzvlərinin hörmətini hər zaman uca tutub. Onlara qayğı göstərməyi özünə mənəvi borc bilib. Əlbəttə, şəhid ailələrinə münasibətdə yüksək insani davranışları müşahidə etmək, özü də bunun icra başçıları, məmurlar tərəfindən olduğunu görmək olduqca təqdirəlayiq haldır. Əminik ki, belə addımlar səmimi atılır. Sevinirik ki, məmurlarımız da yavaş-yavaş vicdanlı hala gəlir, saflaşır, paklaşırlar. Ümid edirik ki, icra başçısının bu davranışı onun digər məsləkdaşlarına da nümunə olacaq. Onlar da şəhidlərə və şəhid ailələrinə dəyər verməyi bacaracaqlar”.