Qazaxın 7 kəndi qeyd-şərtsiz qaytarılmalıdır 

"Daha sonra isə anklav ərazilərlə bağlı razılaşmaq mümkündür"


“Sərhədlərin delimitasiya məsələsi mütləq həllini tapmalıdır. Çünki bizimlə Ermənistan arasında heç vaxt sərhəd olmayıb”. 
Bunu “Şərq TV”nin “Düzünü deyək” verilişinin qonağı politoloq Turab Rzayev deyib. Siyasi şərhçi bildirib ki, sərhədlərin müəyyənləşməsi kifayət qədər vaxt aparan məsələdir: “Təsəvvür edin, Azərbaycan 30 ildir müstəqil ölkədir, amma hələ Rusiya və Gürcüstanla delimitasiyanı tam başa çatdıra bilməmişik. Bu iki qonşu dövlətlə bəzi ərazilərdə müəyyən problemlər var.

Ermənistanla sərhəd isə sıfırdan qurulmalıdır. Rusiya və ABŞ bu məsələdə bizim mövqeyimizi dəstəkləyir. Nikol Paşinyan da sərhədlərin delimitasiyasının aparılmasını zəruri hesab edir. Çünki Ermənistan da öz sərhədlərini bilməlidir. Əlbəttə, burada bəzi mübahisəli məqamlar da var. Qaragöl deyilən ərazi Laçın rayonuna daxil olub. Sonradan suvarma ilə bağlı Ermənistana bu göldən istifadə etmək icazəsi verilib. Bundan sonra isə ərazi qoruq elan edilib. Qoruğa nəzarət isə ortaq idarəçiliklə olub. Ona görə də tərəflərin baxışları fərqlidir. Ermənistan tərəfi iddia edir ki, qoruğu ən son onlar idarə etdikləri üçün ərazi ermənilərdə qalmalıdır. Rəsmi Bakı isə bəyan edir ki, Qaragöl Azərbaycana aiddir və sadəcə müvəqqəti suvarma üçün ermənilərə verilib. Bir şeyin istifadəsinə imkan yaratmaq onu istifadəçinin mülkü etmir. Sovet dövründə Daşkəsəndən çıxarılan metal filizlər Rustavidə əridilirdi. Bu o demək deyil ki, Gürcüstan da Daşkəsənə iddia etməlidir. Yaxud ərazimizdə becərilən pambıq Rusiyada emal olunurdu deyə bizim tarlalarımız rusların sayılmırdı ki?! Hesab edirəm ki, ümumi dil tapılacaq”. 
T.Rzayev vurğulayıb ki, digər mübahisəli məsələ anklav ərazilərlə bağlıdır: “Qazaxın 7 kəndi işğal altındadır. Kəndlərin bəziləri anklav ərazilərdir. O biri kəndlər isə Qazaxa bitişikdir. Bir də Naxçıvanın Kərki kəndi anklavda qalır. Başqa rayonlarda da bir neçə metr irəli-geri çəkilmələrin olması mümkündür. Biz bu məsələni qaldıranda ermənilər də iddia edirlər ki, onların da Gədəbəyin Başkənd deyilən yerdə anklavları olub. Fikrimcə, artıq anklavlar saxlamaq ölkələr üçün risklidir. Çünki anklava gedəcək yol yoxdur. Hələ Şuşa və Laçında yollarla bağlı məsələlər müzakirə olunmaqdadır. Xocavənddə problemlər yaradılır. Ona görə də düşünürəm ki, Qazaxa bitişik kəndlər qeyd-şərtsiz qaytarılmalıdır. Daha sonra isə anklav ərazilərlə bağlı razılaşmaq mümkündür. Bunlar beynəlxalq praktikada tətbiq olunan hallardır”.