"Yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalıdır" - Millət vəkili gileyləndi 

“Bəzi şəhid ailələri hələ də evlə təmin edilməyib”. 

“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev deyib. 

Deputat bildirib ki, onların xeyli hissəsi ilə görüşüb: 



“Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilməyiblər. Belə ailələrdən biri də İmişli rayonu, Qaraqaşlı kənd sakini Mirəliyev Rüstəm idi. Əsa ilə qəbula gəlir və çox pis vəziyyətdə yaşadığını deyirdi. Çox köhnəlmiş evinə güclə çıxıb-düşdüyünü deyirdi. O kişi dünyasını dəyişdi. Onun obrazı gözümün qarşısından getmir. Azərbaycanda belə şəhid ata və anaları var. Hörmətli deputatlar da bunu gözəl bilir. Onların 70-85 arası yaşları var, hər biri xəstədir. Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir”.

R.Nurullayev qeyd edib ki, İmişlinin Hacalmuradlı kəndində 77 yaşlı şəhid anası Nafizə Tarverdiyeva 28 ildir şəhid verib və hələ də ev gözləyir: 

“Deyir ki, ev almayana qədər Allahdan möhlət istəyib, ev alanadək başını yerə qoyan deyil. Yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir. Əgər növbəyə qalsa, onların ev almaq üçün ömürləri yetməyəcək”.