"İnanmıram ki, Bakı KTMT -yə razılıq versin"

Cümşüd Nuriyev: "KTMT-yə qoşulmaq, Türkiyə ilə bütün əlaqələrin kəsilməsi deməkdir"


Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, KTMT-nin qapıları hər kəs, o cümlədən Azərbaycan üçün açıq olmalıdır. Onun sözlərinə görə, üzvlüyü məhdudlaşdıran yeganə şey təşkilatın nizamnaməsi ilə bağlı müəyyən vəziyyət ola bilər. Nazir müavini bəyan edib ki, KTMT-də iştirak üçün onun üzvləri arasında diplomatik münasibətlər vacibdir:

“Belə münasibətlər hələlik Azərbaycanla Ermənistan arasında yoxdur. Onlar bərpa ediləndə - ümid edirik ki, bu, əvvəl-axır baş verəcək - o zaman bu məsələ də bu və ya başqa formada praktik nəzər-nöqtəsində dayana bilər”. Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı məsələ son günlər yenidən gündəmə gəlib. Xüsusən vurğulanır ki, Qarabağ problemi tamamilə başa çatandan, regional əməkdaşlıq formalaşandan sonra Azərbaycanın təşkilata üzvlüyü reallaşa bilər. Ya da ən azından bu istiqamətdə müzakirələr başlayar. Görünür, Kremlin də gözləntiləri bu yöndədir. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın KTMT-yə üzvlüyü əsasən rus mediasında müzakirə olunur. Professor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin vaxtında Azərbaycan 5 illik əlavə protokolla bir məsələni gündəmə gətirmişdi. Rəsmi Bakı bəyan etmişdi ki, Azərbaycan qurumda yalnız o zaman daimi qala bilər ki, ölkəmizin ərazi bütövlüyü tam təmin olunsun:

“Bilirsiz ki, Azərbaycan vaxtı ilə bu təşkilatda təmsil olunub. Amma rəsmi Bakının “ərazi bütövlüyü” şərtinə əməl olunmadığı üçün Azərbaycan həmin blokdan çıxdı: “Qarabağ müharibəsindən sonra rus mediası bu məsələni yenidən gündəmə gətirir. Təkcə bunu deyil, sərhədlərin və hava məkanlarının birgə qorunması məsələləri də müzakirə predmetidir. O cümlədən vahid iqtisadi məkan söhbəti ortalığa atılıb. Yəni SSRİ-nin bu və digər formada bərpası müşahidə olunur. İnanmıram ki, indiki şəraitdə, ələlxüsus 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra Azərbaycan KTMT-yə, yaxud digər qurumlara üzvlüyə razılıq versin. KTMT-yə qoşulmaq, Türkiyə ilə bütün əlaqələrin kəsilməsi deməkdir. Türkiyə hərbi əməkdaşlıq sahəsində ən yaxın partnyorumuz, qardaş dövlətdir. Moskva isə hər vəchlə çalışır ki, Azərbaycanı quruma üzv etsin. Dövlət başçısı bu məsələlərdə kifayət qədər ölçülüb-biçilmiş, uzaqgörən siyasət yeridir. Rusiya rəsmilərinin belə bəyanatları rəsmi Bakının qətiyyətli mövqeyindən dəyişiklik yaratmaz. Mövcud durumda KTMT-yə üzvlük Azərbaycanın siyasi-hərbi və iqtisadi maraqlarına uyğun gəlmir”.