"Bayraktar" Polşa ordusunda da olacaq

Əhəd Məmmədli: "Əvvəlki dönəmlərdə Türkiyə NATO-dan asılı idisə, indi hərbi blokun ölkələri qardaş dövlətin ətəyindən yapışıblar"

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Ankarada səfərdə olan Polşa rəhbəri Ancey Duda ilə görüşü zamanı tərəflər arasında 6 mühüm müqavilə imzalanıb. Tərəflər arasında müdafiə sənayesi sahəsində imzalanmış müqaviləyə əsasən, Türkiyə Polşaya “Bayraktar TB2” hərbi dronlarını ixrac edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı satacaq. Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin də yaxın vaxtda Polşaya göndəriləcəyi bildirilib: “Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”. 

ABŞ Qərbin təhlükəsizliyini təmin etmək məqsədi ilə Polşada özünün hərbi bazasını qurub. Ancaq Polşanın Türkiyədən “Bayraktar TB2” PUA-larını alması göstərir ki, Varşava xarici təhlükəsizliyini təmin etmək məsələsində Qərbə güvənmir. Polşa istər Rusiya, istərsə də digər dövlətlərə qarşı Türkiyənin gücündən istifadə etmək niyyətini açıqca ortaya qoyur. Aydın məsələdir ki, PUA-lar təkcə Türkiyədə deyil, ABŞ-da da istehsal olunur. Buna baxmayaraq, Polşa özünün təhlükəsizliyini təmin etmək məqsədilə məhz Türkiyə ilə müqavilə imzalayır. 

Politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Türkiyənin dünyada getdikcə güclənməsi, mühüm proseslərdə söz sahibi olması Polşa kimi Şərqi Avropa ölkələrinin Türkiyəyə ehtiyacını artırır. Ekspertin sözlərinə görə, Şərqi Avropa üçün ən ciddi təhlükə Rusiyadır:

“Moskvadan qorunmaq üçün Türkiyənin siyasi-hərbi gücünü əldə etmək bu ölkələr üçün ehtiyaca çevrilib. Əlbəttə, bu mənzərə Türkiyənin də maraqlarına cavab verir. Yaxın Şərqdə, Şimali Afrika və Cənubi Qafqazda öz mövqelərini gücləndirən Türkiyənin Şərqi Avropada da güclü mövqeyə sahib olması zəruridir. Polşanın Türkiyəyə sığınması qardaş ölkənin artan gücündən xəbər verir. Avropa ölkələri ilə hərbi əməkdaşlıq Ankaranın xarici siyasətini gücləndirəcək və NATO-dakı mövqeyini daha da möhləmləndirəcək. Şərqi Avropa çox önəmli coğrafiyadır”.

Ə.Məmmədli vurğulayıb ki, əvvəlki dönəmlərdə Türkiyə NATO-dan asılı idisə, indi hərbi blokun ölkələri qardaş dövlətin ətəyindən yapışıblar:

“Qarabağ müharibəsindən sonra türk silahlarına böyük maraq yaranıb. Şərqi Avropa məkanı Türkiyənin hərbi məhsulları üçün yeni bazar deməkdir. Bu da iqtisadi cəhətdən olduqca faydalıdır”.