Şəhid həmkarlarımız hansı tarixdə basdırılan minaya düşüblər? – “Üçüncü versiya...” - İZAH

“Qarabağ münaqişəsi bitsə də, Ermənistan dövlətinin terrorçu mahiyyəti dəyişməyib”. 
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov Feysbuk səhifəsində yazıb: 
Analitik bildirib ki, terrorçu xislətindən dolayı Ermənistan bu günə qədər işğal müddətində Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini verməkdən imtina edir: 

“Alçaq və məkrli niyyətlərin daşıyıcısı olan Ermənistanın qeyri-konstruktiv addımı postmüharibə dövründə də ölüm gətirir. İyunun 4-də Kəlbəcərin Susuzluq kəndinə aparan yolda KAMAZ tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, icra nümayəndəsi Arif Əliyev şəhid olublar. 4 nəfər isə yaralanıb. 

Nədənsə addımbaşı erməni terrorçuları hərbi əsir kimi qələmə verərək onların azadlığa buraxılması tələbini səsləndirən beynəlxalq təşkilatlar bu hadisənin üzərindən sükutla keçməyə çalışırlar. Uzağı ikibaşlı diplomatik yükə malik bəyanatlar səsləndirəcəklər, bu isə Ermənistanı mühakimə etməkdən çox uzaqdır.  

Ermənistan bədii əsərlərdəki ən riyakar obrazların da fövqündə dayanan bir obraza malikdir. Ən pisi isə Azərbaycanda bəzi kəsimlərin, Hərbi Qənimətlər Parkının açılmasına qarşı çıxaraq qulaq batıran bağırtı ilə həyasızlıqlar nümayiş etdirənlərin indi “mağmın” sükuta qərq olmasıdır”.

A.Kərimov qeyd edib ki, bu ikiüzlü mövqe alçaqdan da betər status qazanmaq deməkdir: 

“Düzdür, mina partlayışı onların günahı deyil, ancaq hər vəchdə "sülh" qiyafəsinə bürünüb, Azərbaycanı ittiham edənlərin, indi sülh və təhlükəsizliyə ən böyük təhdid olan Ermənistanın mina siyasətindən danışmaması və ya qorxaraq danışması ikrah doğurur. Bəs bu hadisədə kim məsuliyyət daşıyır? Bir neçə məqamı nəzərdən keçirək: Birincisi, Kəlbəcər təkcə müharibədən sonra minalanmayıb. Yadınıza gəlirsə, 2014-cü ildə Seyran Ohanyan müdafiə naziri olarkən Kəlbəcərə gedən bütün yolların minalanması əmrini vermişdi. İkincisi, ermənilər Kəlbəcəri tərk edərkən də minalanmanı davam etdiriblər. Üçüncüsü, bu yaxınlarda Ermənistan ordusunun Kəlbəcərdə diversiya həyata keçirməyə cəhd etdikləri barədə rəsmi məlumat yayılmışdı. Şəhid olan həmkarlarımız hansı tarixdə basdırılan minaya düşüblər? Hərçənd bunu dəqiq demək mümkün deyil, lakin məntiq üçüncü versiyanın üzərində dayanmaq üçün əsaslar verir. Ona görə ki, xüsusi çəkiliş qrupunun təyin olunmuş marşrutdan kənara çıxması inandırıcı deyil, böyük ehtimal onları hərbçilər də müşayiət edib. Belədirsə, deməli, həmin ərazinin minadan təmizlənməsinə dair əminlik olub, lakin sonrakı təxribat hesaba alınmayıb”.