Lavrov Qərbə açıq mesaj verdi

“Bölgədə hər şey həll edilir, üçüncü tərəflərə ehtiyac yoxdur”


“Rusiya Prezidenti V.Putin Qarabağ məsələsinin Rusiya tərəfindən həll edildiyini növbəti dəfə Qərbə çatdırmaq istəyir və əlavə edir ki, sərhədlər məsələsində də əsas vasitəçi Moskvadır”.
Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, ABŞ-ın bölgədə yenidən aktivləşmək istəyi, humanitar məsələlərdə vasitəçi olaraq Gürcüstanı önə sürməsi rusları narahat edir: “Putin Bakıya əlavə alternativə ehtiyac olmadığının mesajını verir. Ermənistanda seçkidən sonra Azərbaycan rəhbərliyinin üçtərəfli razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı başlatdığı proses fonunda bu təsadüfi deyil.

Mümkündür ki, telefon söhbətində Əliyev Putinə proses ləngiyəcəyi təqdirdə, əlavə addımların mümkünlüyü haqda müəyyən mesajlar ötürə bilib. Buna paralel olaraq Lavrovun Antalyada Çavuşoğlu ilə qurduğu müzakirə masasına Qarabağın da daxil edilməsi diqqət çəkir. Lavrov bəyan etdi ki, Ankara ilə Bakı və İrəvanı yaxınlaşdırmaqla bağlı razılıq əldə ediblər. O cümlədən, Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyətindən məmnundurlar. Lavrovun bu sözləri və Çavuşoğlundan fərqli olaraq, Qarabağ müzakirəsindən geniş bəhs etməsi də Moskvanın Qərbə “bölgədə hər şey həll edilir, üçüncü tərəflərə ehtiyac yoxdur” mesajını çatdırmaq zərurətindən irəli gəlir. Bu, ictimaiyyətə açıqlanan məqamlardır, lakin bağlı qapılar arxasında Qarabağla bağlı nələr müzakirə oluna bilər sualı maraqlıdır”. 

Ekspertə görə, ruslar erməni qoşunların çıxarılması, sərhədlərin müəyyənləşməsi, nəticə olaraq, Ermənistanın Qarabağdakı mövcudluğunun aradan qaldırılmasından sonra bölgədə hansı formada qalmağı düşünür:

Mümkündür ki, bu məsələ Bakı ilə yanaşı, Ankara ilə də müzakirə edilir. Bölgədə təkcə rusların hərbi mövcudluğu ilə barışmayan Türkiyənin Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsini istədiyi istisna deyil. Putinlə Ərdoğanın telefon söhbətində gündəmə gətirilən bu məsələlərin detalları Lavrovla Çavuşoğlunun masasında müzakirə olunub. Rusiya Şuşa Bəyannaməsinin detallarını bilmək istəyir, xüsusilə hərbi baza məsələsini. Burada ən mühüm məqam Moskvanın istəməsə belə Bakı və Ankara ilə anlaşmağa məcbur olmasıdır və bu, proseslərin inkişafını bizim maraqlarımıza uyğunlaşdırmağa imkan verir”.