Sülhə razılaşmasalar düşmənin dərsi yenidən veriləcək

Dövlət başçısı Azərbaycan xalqının mövqeyini ifadə etdi

“Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. Bu sözləri Prezident İlham Əliyev iyulun 14-də şəhid ailələri və müharibə əlilləri ilə görüşdə deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ordusu ilə bağlı yeni planlar həyata keçirilir: “Ancaq hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik, qələbə qazanmışıq. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq”.

Prezidentin Ermənistan rəhbərliyinə növbəti xəbərdarlığı fonunda rəsmi İrəvan yaxşı olardı ki, ağlını başına yığaraq Azərbaycanın başlatdığı sülhyaratma və sülhü möhkəmləndirmək prosesinə dəstək versin. Son zamanlar Ağdam və Şuşa istiqamətində hərbçilərimizə açılan atəşlər, demarkasiya və delimitasiya məsələsindən qaçmaq Ermənistana çox baha başa gələ bilər. İctimaiyyət nümayəndələrinin fikrincə, Prezidentin Ermənistana xəbərdarlıq etməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə bildirib ki, dövlət başçısı xalqın mövqeyini bəyan edib. QAT rəhbərinin sözlərinə görə, Prezident açıq şəkildə bildirdi ki, Ermənistan bizim sülh təklifimizlə razılaşmalıdır. Əks təqdirdə düşmənin dərsi yenidən veriləcək:

“Ölkə başçısının ifadə etdiyi kimi Azərbaycan hər zaman müharibəyə hazırdır. Məsələ ondadır ki, bundan sonrakı müharibənin nəticəsi Ermənistan üçün daha pis olacaq. Onsuz da çökmüş, darmadağın olmuş Ermənistan tamamilə məhv olma təhlükəsi ilə üz-üzə qalacaq. Sonradan peşman olmasınlar deyə cənab Prezident indidən çağırış edir ki, ağıllarını başlarına alsınlar. Revanşist düşüncələrdən, təxribatlardan əl çəksinlər. Məlum olduğu kimi ermənilər son günlərdə davamlı təxribatlar törədirlər. Paralel olaraq erməni siyasətçiləri, ekspertləri sərsəm fikirlər səsləndirir, müharibə ritorikasından çıxış edirlər. Qarabağ məsələsi və 44 günlük müharibə ermənilərə baha başa gəldi. Əgər İrəvan öz yanaşmasını dəyişməzsə, növbəti hərbi əməliyyatlar başlaya bilər ki, bu da Ermənistanı fəlakətə sürükləyər. Prezidentin ifadələri xalqın istəyini, arzusunu ifadə edir. Dövlət başçısı vurğulayır ki, Azərbaycan öz haqlı mövqeyindən və reallığa uyğun tələblərindən əsla geri çəkilməyəcək. Xalqımız da dövlətin, ölkə başçısının yanındadır”.