Media "patı" çəkənləri göstərməlidir - Baş redaktor

"Biz mətbuat olaraq həm də ictimai nəzarət mexanizmini həyata keçiririk"

“Mətbuat cəmiyyətin güzgüsüdür, düzü düz, əyrini əyri göstərməlidir. Mətbuat öz işini kiminsə arzu və istəyinə uyğun qurmur”.

Bu barədə “Şərq”ə açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. JAM sədri bildirib ki, bizim öz peşə prinsiplərimiz var:

“Nöqsanları göstərmək, cəmiyyəti maarifləndirmək bu prinsiplərə daxildir. Hesab edirəm ki, Azərbaycan mətbuatı öz prinsiplərinə sadiqdir. “Patı” təhlükəsiylə bağlı həyəcan təbili çalmaq, cəmiyyəti maarifləndirmək bizim vəzifəmizdir. Narkotacirlərin əl-qolunu bağlamaq hər birimizin borcudur. Biz mətbuat olaraq həm də ictimai nəzarət mexanizmini həyata keçiririk. Nəzarət olmasa, özbaşınalıq olar, hər kəs istədiyini edər. “Patı” çəkib küçədə özündən gedən gəncin uzaqdan, yəni sifətinin görünmədiyi görüntülərini göstərmək niyə pisdir? Bu həm də “patı” çəkənlərə, yaxud bu arzuyla yaşayanlara bir mesajdır”.

S.Verdizadə vurğulayıb ki, mətbuat demək istəyir ki, narkotik maddələrdən istifadənin axırı budur: “Məncə, həmin görüntülərdən sonra yüzlərlə gənc bu istəyindən daşınıb. Çünki “patı”nın insanı necə haldan-hala saldığını, hətta ölümün bir addımlığına gətirdiyini öz gözləriylə gördülər. Mətbuatın fəaliyyətindən işbazlar, gənc nəsli zəhərləməklə pul qazanan dəllallar narahat olmalıdır. Əgər onlar narahatdırsa, deməli, biz yaxşı fəaliyyət göstəririk. “Patı” alverçilərinə qarşı mübarizəni daha da gücləndirmək lazımdır. Mətbuat bu problemi diqqətdə saxlamaqla dövlətin əlaqədar qurumlarını işlək vəziyyətə gətirməlidir”.

İsmayıl