Prezidentin əsas prioritetlərindən biri yenə  ordu quruculuğu olacaq

" Azərbaycan ordusu ilə bağlı açıqlanan hesabatlar və reytinqlərdə yaxın bir il ərzində ordumuzun mövqeləri daha da möhkəmlənəcək"

"Azərbaycan ordusu son illərdə həm kadr potensialı, həm də müdafiə sənayesinin zənginləşdirilməsi baxımından yüksək səviyyəyə çatıb".
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Tural İsmayılov deyib. O vurğulayıb ki, orduda peşəkar zabitlərin hazırlanması məqsədilə Azərbaycanın bir sıra dövlətlərlə müqavilələri mövcuddur:

Azərbaycan ordusunun zabit heyəti Türkiyədə, Çində və Rusiyada dünyanın bir çox ölkələrində peşəkar təlimlərdə və kurslarda iştirak edirlər. Sonuncu olaraq isə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın siyasi iradəsi nəticəsində  ordumuzun qazandığı şanlı qələbə Azərbaycan ordusunun nüfuzunu və reytinqini daha da yüksəltdi. Demək olar ki, hər həftə dünyanın məşhur hərbi və siyasi analitik portallarında və dərgilərində Azərbaycan ordusunun döyüş taktikası ilə bağlı materialların verilir. Bu da ordumuzun reytinqinin daha da yüksəlməsinə səbəb olub. Bu baxımdan "Global Fire Power Index"in apardığı araşdırmada Azərbaycan ordusunun dünyanın 140 ölkə arasında 64-cü yerdə qərarlaşması çox önəmli statistik göstəricilərdən biridir".

T. İsmayılov qeyd edib ki, Azərbaycanda hal-hazırda da ordu quruculuğu prosesi davam edir:

"Cənab prezident  yeni qərargah rəisi təyin edib. Eyni zamanda  Müdafiə Nazirliyində yeni təyinatlar həyata keçirdi. Gələcəkdə Azərbaycanın Türkiyə ilə hərbi sahədə ortaqlığı və mütəffiqliyi daha da dərinləşəcək. Və Azərbaycan NATO standartlarında ordu quruculuğu prosesində mühüm irəliləyişə nail olacaq. Bütün bunlardan sonra Azərbaycanın dünya indekslərində və sıralamalarında mövqeyinin daha da yüksələcəyini düşünürəm.  Ümumilikdə qeyd edək ki, cənab prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda ordu quruculuğu dövlətin əsas prioritet sahələrindən biri olub. Bu günləri də ordu quruculuğu ölkəmizin prioritet sahəsidir və bu formada da davam edəcək. Düşünürəm ki, Azərbaycan ordusu ilə bağlı açıqlanan hesabatlar və reytinqlərdə yaxın bir il ərzində ordumuzun mövqeləri daha da möhkəmlənəcək".