Prezident  Ermənistan üçün yeni siyasi şərtlərə uyğun qırmızı xətti müəyyən etdi - Şərh

“Prezident İlham Əliyevin CNN Türk kanalına müsahibəsi bölgədə proseslərin axarına birmənalı olaraq təsir edəcək. Daha doğrusu, regional hərbi-siyasi gedişata yön verəcək”.

Sherg.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, hər şeydən öncə, cənab Prezident son dövrlər bəzi havadarlarına güvənib "aktivləşmə" imitasiyası nümayiş etdirən Ermənistan üçün yeni siyasi şərtlərə uyğun qırmızı xətti müəyyən etdi:

“Həm erməni cəmiyyəti, həm də havadarları dolayısı ilə xəbərdar oldular ki, bizim sülh, əməkdaşlıq, kommunikasiya xətlərini açmaq niyyətimiz təhdidlərə dözəcəyimiz anlamına gəlmir. Biz Ermənistanın başını növbəti dəfə də əzməyə hazırıq. İkincisi, Ermənistan da, havadarları da artıq başa düşməlidir ki, biz bölgədə bütün proseslərə nəzarət edirik, bütün sahələr üzrə atılacaq istənilən addıma xeyli öncədən hazırıq. Üçüncü vacib məqam, dövlət başçısının açıq mətnlə Rusiya və İrandan gözləntilərini bəyan edərək, əslində siyasi balansı qorumaqla yetərli mesajını verməsi oldu. Çox güman ki, bu çıxış indiyədək Xankəndinə gizlicə "yük" daşımaqla, məscidlərdə donuz saxlayan separatçılarla əməkdaşlıqdan çəkinməyən İslam respublikasını, xüsusən, formalaşmaqda olan yeni İran administrasiyasını bir daha düşünməyə vadar edəcək. 

B.Məhərrəmov əlavə edib ki, Rusiyanın Ermənistanda ordu quruculuğu cəhd və bəyanatlarına toxunarkən cənab Prezidentin Bakıda hərbi qənimətlər parkındakı eksponatları xatırlatması Moskva üçün ciddi, eyni zamanda çox yerində bir ismarıc oldu:
“Bütün bu bəyanatların Türkiyə telekanalı vasitəsi ilə ötürülməsi, Türkiyə Azərbaycan qardaşlığının isə müsahibə boyu bütün fonlarda dönə-dönə vurğulanması heç şübhəsiz ki, lazımi ünvanların dərs çıxara bilməsi üçün yetərli və özlüyündə ayrıca bir mövzudur”.