Politoloq: "Moskva yaxşı bilir ki, sülh müqaviləsi bağlansa, onlara regionda ehtiyac qalmayacaq"

“Rusiya öz oyunlarını oynamağa davam edir. Məqsəd uzun müddət regionda qalmağa zəmin hazırlamaqdır. Sülh danışıqları və stabillik isə bu planlara ziddir”.

Bu sözləri BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib. O qeyd edib ki, Moskva yaxşı bilir ki, sülh müqaviləsi bağlansa, onlara regionda ehtiyac qalmayacaq:

“Bu baxımdan, gərginliyin saxlanması lazımdır ki, burda uzun müddət qalmağa şərait yaransın. Rusiya gərginliyi saxlamaqla demək istəyir ki: "mən burda olmasam, sizlər bir-birinizi qıracaqsınız, ona görə burda olmalıyam." 
Rusiya işini bu başdan ehtiyatlı görmək istəyir. Vaxtı gələndə istəmir ki, Azərbaycan və ya Ermənistanın istəklərinə görə hərəkət etmək məcburiyyətində qalsın. Rusiyanın bu siyasəti hesab edirəm ki, regionda oynadığı rolu iflasa gətirəcək. Azərbaycan 44 günlük müharibədə Rusiyanın roluna açıq şəkildə fikir bildirməməklə balansı qorudusa, bu dəfə belə olmayacaq. Bu, artıq Azərbaycan-Rusiya arasında açıq konfrontasiyaya səbəb olacaq. Bu da geridönüşü olmayan proselərə səbəb olacaq. Bu baxımdan, Rusiya siyasətini bir daha gözdən keçirməlidir. Əks halda Türkiyə bazalarının Azərbaycanda yerləşməsi ilə qarşı-qarşıya qalacaq. Bu isə Rusiyanın regiondakı maraqlarına ağır zərbə olacaq”.