Sərt karantin Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərdi - İqtisadçı 

Hər birimiz vaksinasiya prosesinə qatılmalıyıq, heç kəs bir də sərt karantin rejiminin tətbiq olunmasını istəməz

Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bütövlükdə, regionda virusun yeni dalğası qeydə alınmaqdadır. Aydındır ki, sərt karantin tədbirləri real sektordakı aktivliyi qorumaq baxımdan arzuolunan deyil. Amma epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin, xüsusilə Böyük Britaniyanın təcrübəsi göstərir ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır: "Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 5 milyon 607 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 2 milyon 320 min nəfərdir. "Bloomberg"in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 28.1 faizi hər iki doza peyvənd olunub. Tam vaksinasiya səviyyəsinə görə Azərbaycan Qazaxıstan ilə birlikdə MDB-də ilk yerləri bölüşsə də, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 faizlik tövsiyəsindən aşağıdır".

Ötən ilin yaz aylarında tətbiq edilən sərt karantin tədbirlərinin Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərdiyini deyən deputat vurğulayıb ki, onlardan 11-də fəaliyyətlərin tamamilə dayandırılması qeydə alınıb: "Bu ilin 7 ayında 2.7 faizlik iqtisadi artım qeydə alınmasına isə fevral ayından sonra sərt karantin tədbirlərinin yumşaldılmasının xüsusi təsiri oldu. Bu baxımdan, sərt karantinin tətbiq olunmaması və yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla əvvəlki normal həyata qayıtmaq mümkündür".