Laçında inşa olunacaq hava limanı strateji qələbədir

Regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımından strateji təsirləri var. Sözügedən səfərin iqtisadi tərəfləri artıq müzakirə olunduğundan məsələnin strateji istiqamətlərinə diqqəti çəkmək vacib olardı”.

Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib. Deputat bildirib ki, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməzliyini göstərən meyarlardır:

"Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq, regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. İkincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq, Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin, o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Üçüncüsü, Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha möhkəmləndirəcək. Dördüncüsü, müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir ki, artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar”.

V.Bayramov qeyd edib ki, son səfər təsdiq edir ki, kifayət qədər həssas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır”.