Rusiya narahatdır: Qazaxıstan rus dilindən azad olmağa çalışır

Son günlər Qazaxıstanda millətçilər dükanlarda və dövlət idarələrində qazax dilinin istifadəsinə dair “dil monitorinqi” aparırlar. Onlar çəkdikləri videoları “Til Maydani onlayn partiyası” adlı yutub kanalında yerləşdirirlər. Kanalın qurucusu Kuat Axmetovun başçılıq etdiyi fəallar mağazalardakı etiketlərin qazax dilinə tərcümə edilib-edilmədiyini, satıcıların və məmurların dövlət dilində ünsiyyətlərini qiymətləndirirlər. Monitorinq əsasən Nur-Sultan, Alma-Ata, Pavlodar, Uralsk və digər böyük şəhərlərdə aparılır. Onların əsas məqsədi qazax dilinin ölkənin tək rəsmi dilinə çevrilməsi, rus dilindən istifadənin minimum səviyyəyə endirilməsidir.

Yaxın zamanda Qazaxıstanın rus dilindən azad olunacağını bildiriblər. Yayılan videolar Rusiyanın narahatlığına səbəb olub. Rusiya rəsmiləri ard-arda fikirlər səsləndirirlər. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev hətta Qazaxıstan hakimiyyətindən millətçilərin hərəkətlərini qiymətləndirməyi tələb edib. Rusiya Xarici işlər naziri Sergey Lavrovla qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı məişət millətçiliyi, hər hansı diskriminasiyaya qarşı fəaliyyətin zərurliyini qeyd ediblər. Qeyd edək ki, ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir. Qazaxıstanda yaşayan əhalinin təxminən 68,51 faizini qazaxlar, 18,85 faizini isə ruslar təşkil edir.

Mövcud gərginliklə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, Qazaxıstanda etnik dözümsüzlük yoxdur, heç vaxt da olmayıb. Onun sözlərinə görə, Qazaxıstan müstəqil dövlətdir və ölkənin rəsmi dövlət dili qazax dilidir: “Qazax xalqının tələb etmək haqqı var ki, ölkənin müxtəlif obyektlərində rəsmi dövlət dili işlənsin, yazılan lövhələr, elanlar qazax dilində olsun. Təəssüflər ki, Qazaxıstandakı ruslar təkidlə, inadkarlıqla qazax dilini öyrənməməyə çalışırlar. Yerli dili saymırlar, hətta qazax dilində danışan adamlara inadkarlıqla rus dilində cavab verirlər. Bu, dövlət idarələrində, mağazalarda, məişət obyektlərində tez-tez rast gəlinən haldır. Ona görə də qazaxlar ruslara xatırladır ki, vətəndaşları olduqları ölkələrin dilinə hörmətlə yanaşsınlar. Rusiya nədən narazıdır?! Rusiyanın özündə müxtəlif millətlərin nümayəndələri yaşayır. Siz Moskvaya gedib rus dilindən başqa dildə yazıb-danışsaz, rəsmi rus dilini tanımasaz, Rusiya dövləti buna dözümlü yanaşarmı? Əlbəttə, yox. Sizi məcbur edəcəklər ki, mütləq rus dilində yazıb-danışasınız. Rus dilini bilməyən adamı vəzifəyə götürmürlər. Amma Rusiyadan fərqli olaraq Qazaxıstanda rus dilində danışan və qazax dilini bilməyənləri vəzifələrə təyin edirlər. Yəni dözümlülük var. Sadəcə olaraq o adamlara mərhələli şəkildə xatırladılır ki, dövlətin dili qazax dilidir və hamı rəsmi dilə hörmətlə yanaşmalıdır. Rusiyanı narahat edən məhz bu məqamdır”.

A.Həsrət vurğulayıb ki, Rusiya Qazaxıstan və bu cür ölkələrə irad tutmaqdansa, öz problemləri ilə məşğul olsun: “Rus olmayanların öz dillərini başqa əlifbada ifadə etməsinə belə Kreml qanun çıxararaq qadağa qoyub. Məsələn, tatarlar latın əlifbasına keçmək istəyirdi, amma imkan vermədilər. İndi məcburdurlar ki, öz dillərini kiril əlifbası ilə ifadə etsinlər. Bu cür qadağalar gətirən bir dövlətin utanmadan Qazaxıstan kimi tolerant, başqa millətlərə dözümlü, təmkinli yanaşan bir dövlətə irad bildirməyə haqqı yoxdur”.