Bakı İrəvana vaxt verməlidir

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır

“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan silahlı qüvvələrin Şuşa yaxınlığından çıxmadığını qeyd edib”. Bunu “Şərq”ə açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Qarabağda etnik ermənilərin yaşadığı ərazidə qondarma “müdafiə ordusu” var:

“Ermənistan silahlı qüvvələrinin nizami ordusunun bölmələri və qondarma qurumun birləşmələri eyni mövqedə dayanıblar. Deməli, Şuşa yaxınlığında Azərbaycan bölmələrini intensiv atəşə tutanlar məhz Ermənistan silahlı qüvvələridir. Ermənistan tərəfi Azərbaycan ərazisinə Laçın dəhlizi vasitəsilə hərbi qüvvələrini yerləşdirir. Əgər burada Ermənistan silahlı qüvvələri varsa, ağır artilleriya, tanklar və digər hücum silahları da olacaq. Ona görə də Rusiya sülhməramlı qüvvələri Ermənistan ordusunu dərhal ərazilərimizdən çıxarmalıdır. Əks halda Azərbaycan tərəfi hərbi əməliyyatlara başlamalıdır. Qarabağ Azərbaycanın qanuni ərazisidir. Burada heç bir Ermənistan silahlısı ola bilməz. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması üçün rəsmi Bakı İrəvana vaxt verməlidir. Tələbə riayət olunmadığı halda ən sərt tədbirlərə əl atılmalıdır. Əgər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisində dislokasiya edilibsə, döyüş postlarında mövqe tutublarsa, onların Azərbaycana məxsus postlara hücumu hər an gözləniləndir. Ona görə də əvvəlcədən qarşısının alınması mütləqdir”.