Sülhməramlının "Teleqram"ında həqiqətlər var

Elçin Mirzəbəyli: "Ermənistan sülh sazişindən imtina etdikcə bu vəziyyət daha da pisləşəcək"

“Teleqram” kanallarından biri Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarından birinin yazıya aldığı müşahidələrini yayımlayıb. Paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib.

Sülhməramlı bildirib ki, ermənilərin bir hissəsi onları məğlubiyyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır: “Yerli sakinlər haqqında bir şey deyə bilərəm - onlar ermənilərdir ... Biz isə onlar üçün çox yaxşı gəlir mənbəyiyik. Onların yaşayış səviyyəsi aşağıdır. Bizim postların yanında, mağazalar dərhal açılır. Ermənistan tərəfində müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşünənlər var”. Ermənilərin törətdiyi təxribatlara da toxunan sülhməramlı qeyd edib ki, erməni tərəfinin təxribatı göz qabağındadır. Sülhməramlının müşahidələrinin “teleqram” kanalında yayılması geniş müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Rusiya sülhməramlı əsgərinin etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərindəki vəziyyətlə bağlı səsləndirdikləri fikirlər reallığı əks etdirir. Onun sözlərinə görə, Ermənistan sülh sazişindən imtina etdikcə bu vəziyyət daha da pisləşəcək:

“Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində də işğalçı və qondarma rejimin girovluğunda yaşayan ermənilər acınacaqlı vəziyyətdə yaşayırdılar. Müharibə caniləri Azərbaycan ərazilərini istismar edir, sərvət toplayır və ərazilərimizdə yaşayan, yaxud məskunlaşan erməniləri səfalət içərisində yaşadırdılar. Bu gün iqtisadiyyatı çökmüş, ordusu darmadağın edilmiş və Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmadan heç bir inkişaf perspektivi olmayan Ermənistan Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin nəinki sosial, heç qida ilə bağlı belə problemlərini həll etmək iqtidarında deyil. Məhz bu səbəbdən, diqqəti acınacaqlı sosial durumdan yayındırmaq üçün məqsədyönlü şəkildə qarışıqlıq yaratmağa, sərhəddə təxribatlar törətməyə çalışırlar. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki ermənilərin real sayı da sübuta yetirir ki, onlar ilk əlverişli imkan yarandıqda bu əraziləri tərk edir və başqa ölkələrə üz tuturlar”.