Ekoturizmə marağı artırmaq üçün çoxlu yaşıllıqlar salınmalıdır

Son vaxtlarda Azərbaycanda ekoturizmə maraq artıb. İnsanlar istirahət məkanı olaraq dağlara, ən ucqar yerlərə üz tuturlar. Bu qəbildən olanların sayı durmadan artır. Bəs Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi istiqamətində hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdə ekoturizmə maraq artması üçün çoxlu yaşıllıqlar salınmalıdır. O qeyd edib ki, ekoturizmi tək dağ rayonlarında deyil, düzənlik olan rayonlarda da inkişaf etdirmək olar: "Bunun üçün qeyd etdiyim kimi, yaşıllıq zonalar artmalıdır. Əgər həmin ərazilərdə təbii göllər yoxdursa, süni göllər yaradıla bilər. Bundan başqa həmin istiqamətə marşrutlar müəyyən edilməlidir. Məsələn, qoruqların özünə marşrutların təşkil olunması daha məqsədəuyğun olar. Bundan başqa yaşıllıq zonasına da nəzarət gücləndirilməlidir".

R.Qarayev ekoturizmin inkişaf etdirilməsinin tək turizm sahəsi üçün deyil, həm də məhv olmuş ağaclardan istifadə olunması üçün mühüm olduğunu qeyd edib: "Bu, ağac emalı sənayesi üçün müsbət haldır. Bundan əlavə bildiyiniz kimi, meşələr həm də sürüşmələrin qarşısını alır. Həm tarixi, həm də elmi baxımdan təbiətin öyrənilməsi üçün ekoturizmin böyük əhəmiyyəti var. Meşələrin dərinliklərində, hündür dağlarda yerləşən abidələrin tarixini öyrənmək, ölkə əhalisinə göstərmək lazımdır. Ekoturizm fəsillərdən asılı olmayaraq, daim tələbatlıdır. İnkişaf üçün həm də peşakar kadrlar lazımdır. Elə ölkələr var ki, onların gəlirlərinin 99 faizi ekoturizmdəndir. Kiçik bir dövlət olan Kosta-Rikanı götürək. Nə kənd təsərrüfatı var, nə təbii sərvəti. Ölkə sırf ekoturizm sayəsində gəlir əldə edir. Ümumiyyətlə, qeyd edim ki, pandemiyaya görə insanlar daha çox təbiətə yönəlirlər. Bu, qlobal tendensiyadır, insanlar artıq bu turizm növünə daha çox üstünlük verirlər. Ona görə də ekoturizmin ölkəmizdə inkişaf etdirilməsində fayda var".