Rus sülhməramlılarının fəaliyyətinə kölgə düşüb


Azərbaycan tərəfinin sərt təpkiləri Rusiyanı bir qədər ayıldıb

"Bundan sonra Azərbaycan siyasi elitası əsas diqqəti 10 noyabr sazişinin bəndlərinin yerinə yetirilməsinə yönəltməklə tələblərini daha da artırmalıdır"

Xəbər verdiyimiz kimi “Telegram” kanallarında Rusiya sülhməramlılarından biri yazıya aldığı müşahidələrini yayımlayıb. Paylaşımda Rusiya sülhməramlısı ermənilərin onlara münasibətindən və Azərbaycanın qələbəsindən sonra yaranmış vəziyyətə olan baxışından bəhs edib. Sülhməramlı bildirib ki, ermənilərin bir hissəsi onları məğlubiyyətə görə ittiham edir, digər bir hissəsi isə məsələyə fərqli yanaşır: “Yerli sakinlər haqqında bir şey deyə bilərəm - onlar ermənilərdir ... Biz isə onlar üçün çox yaxşı gəlir mənbəyiyik. Onların yaşayış səviyyəsi aşağıdır. Bizim postların yanında, mağazalar dərhal açılır. Ermənistan tərəfində müharibəyə qarışmadığımız üçün onlara xəyanət etdiyimizi düşünənlər var”. Ermənilərin törətdiyi təxribatlara da toxunan sülhməramlı bildirir ki, erməni tərəfinin təxribatı göz qabağındadır. Qeyd edək ki, sülhməramlının müşahidələrinin “telegram” kanalında yayılması qızğın müzakirələrə səbəb olub.

Rusiya sülhməramlısının etirafını “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətini ciddi tənqid etməsi, ardınca XİN tərəfindən NOTA verilməsi Rusiyanı bir qədər ayıltdı. Partiya təmsilçisinin sözlərinə görə, Rusiya rəsmi olaraq bizim etirazlardakı iddianı qəbul etməsə də, siqnalları ciddi qəbul etməyə məcbur olub: “Sosial şəbəkələrdə sülhməramlı kontingentin əsgər və zabit heyətinin Laçına giriş postunda fəaliyyətini əks etdirən qısa videolar paylaşıldı. Bu videoda rus zabiti telefon vasitəsilə yuxarılara postdan hərbi texnikanın keçdiyi barədə məlumat verərkən bildirir ki, “yük maşınlarında silah və sursat aşkar olunmadı”. Bu videonu Azərbaycanın İran və Rusiya tərəfindən Xankəndi istiqamətinə qanunsuz yüklərin daşınması iddialarına cavab kimi qəbul etmək olar. Bundan sonra Kremlin sözçüsü Mariya Zaxarova Ermənistana silah satılmasının qanuni haqları olduğunu bildirdi. Sosial şəbəkələr vasitəsi ilə yayılan hər iki video Azərbaycanın sərt təpkisinin nəticəsidir. Dövlət başçısının Kəlbəcər və Laçın səfəri, Türkiyə telekanalına son müsahibəsi, eləcə də siyasi partiya rəhbərlərinin və fəalların bu mövzuda birlik nümayiş etdirməsi çox mühüm rol oynadı. Rusiya sülhməramlıları ara-sıra bir az fəqli mövqe sərgiləməyin vaxtının çatdığını düşünürlər. Bundan sonra Azərbaycan siyasi elitası əsas diqqəti 10 noyabr sazişinin bəndlərinin yerinə yetirilməsinə yönəltməklə tələblərini daha da artırmalıdır. Rus sülhməramlılarının Laçın koridorunda fəaliyyətinə etibarın azalması səbəbi ilə bu postlarda birgə patrul xidmətinin təşkili gündəmin mövzusu olmalıdır”.