Bu gün erməni cəmiyyətinin ən aktual problemi itkin hərbçilərdir

Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar. Onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, Ermənistanda hazırda 321 nəfər itkin düşmüş hesab olunur. İtkin düşən hərbçilərin yaxınları İrəvanda hər gün etiraz aksiyası keçirirlər. Onların sözlərinə görə, aylarla vaxt keçsə də, itkin düşən əsgərlərin ölüsündən belə xəbər-ətər yoxdur: “Atalar səngərə girir, Fövqəladə Hallar Nazirliyi və Qırmızı Xaç heyəti ilə birlikdə axtarış işləri aparırlar. İtkin düşən 21 hərbçidən yalnız 9-nun cəsədi tapılıb, onlardan 8-nin şəxsiyyəti müəyyən edilib. Birinin cəsədinə qərar verə, kimin oğlu olduğunu anlaya bilmirlər”. Deyilənə görə, itkin düşən 21 əsgər Tsor hərbi hissəsindən olub.

Ermənilərin etiraz aksiyası ilə bağlı “Şərq”ə danışan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, erməni cəmiyyətində uzun müddətdir əsas gündəm olan məsələlərdən biri də 44 günlük müharibə zamanı itkin düşmüş erməni hərbi qulluqçularla bağlıdır. Ekspert bildirib ki, Azərbaycan tərəfi 44 günlük müharibə dövründə torpaqlarımızda həlak olmuş demək olar ki, əksər erməni əsgərlərinin meyitlərini təhvil verib: “Ermənistan tərəfinin axtarışları davam edir və mütəmadi olaraq bir neçə erməni hərbçisinin cəsədinin qalıqları aşkarlanaraq öz ailələrinə göndərilir. Ermənistanda “itkin əsgərlər” məsələsi uzun müddətdir ciddi problemə çevrilib. Bu gün də erməni cəmiyyətinin ən aktual məsələsi itkin hərbçilərlə bağlıdır. Erməni ailələri 10 aylıq zaman keçməsinə rəğmən, hələ də heç bir məlumatın olmamasını İrəvan hökumətinə bağışlamır. Vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə axtarış həyata keçirənlər, erməni əsgərlərinin cəsədlərini axtaranlar Rusiya sülhməramlıları və Ermənistanın həmin işə təhkim etdiyi xüsusi heyətdir. Onların bu işi necə həyata keçirdiyinə ancaq özləri cavab verə bilərlər. Erməni tərəfinin “300 itkinimiz var” deməsi o anlama gəlmir ki, onların hamısı haqqında rəsmi Bakı dəqiq bilgilərə sahibdir. Müharibə zamanı xeyli sayda erməni silahlısı zərərsizləşdirilib, tələf edilib. Ola bilər bəzilərinin cəsədləri, meyitlərinin qalıqları torpaq altındadır. Yaxud, ötən müddət ərzində dağlıq, meşəlik ərazilərdə yırtıcı heyvanlar tərəfindən cəsədləri parçalanıb. Ona görə də axtarış nəticəsində üzə çıxarılması çətinləşir. Müharibədə bu cür hallar yaşandığı üçün Ermənistan tərəfi buna görə Azərbaycanı ittiham edə bilməz. 30 ilə yaxın ərazilərimizi işğalda saxlamış, 4 mindən artıq itkinimiz barədə heç vaxt məlumat verməmiş bir ölkə rəsmilərinin isə ümumiyyətlə danışmağa haqqı yoxdur. Nəzərə alaq ki, bizim də hələlik 7-8 hərbi qulluqçumuz itkin sayılır. Axtarışlar fasiləsiz davam etsə də, nəticə yoxdur”.