Azərbaycan yenidən hərbi gücünə söykənməli olacaq

Ermənistan və Rusiya 10 noyabr razılaşmasını qəsdən sabotaj etməyə çalışır

10 noyabr üçtərəfli razılaşmasının bir sıra bəndləri yerinə yetirilsə də, Ermənistan hələ də razılaşmanın əsas tələblərinə əməl etmir, Rusiya sülhməramlıları isə Ermənistanı bu razılaşmaya dair öhdəliklərini yerinə yetirməyə məcbur etməyə maraqlı görünmür. Əksinə, razılaşmaya uyğun olmayan proseslər baş verir. Ermənistan revanşist təşəbbüslərə həvəsləndirilir, bu ölkə yenidən silahlandırılır, ordusu modernləşdirilir. Üstəlik, Ermənistandan Qarabağa hərbçilər daşınır. Bütün bunlar ya Rusiya sülhməramlılarının gözü qarşısında, ya da ki, onların bilavasitə iştirakı ilə baş verir. Bir sözlə, sülhməramlılar öz missiyalarına, mandatına uyğun davranmır, əksinə, sanki sülhün əleyhinə çıxırmış kimi qeyri-adekvat davranış sərgiləyirlər.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov vurğulayıb ki, Azərbaycan bölgədə gərginliyin qalmasında yox, əksinə, üçtərəfli razılaşmanın bütün şərtlərinin tam şəkildə yerinə yetirilməsində, bölgədə sülhün, əməkdaşlığın bərqərar olmasında maraqlıdır. Analitik təəssüflə bəyan edib ki, eyni sözü üçtərəfli Bəyanatın digər subyektləri - Ermənistan və Rusiya haqqında demək mümkün deyil: “Onlar sanki bütün davranışları ilə 10 noyabr və 11 yanvar razılaşmalarını qəsdən sabotaj etməyə çalışır və sanki Ermənistanın yeni müharibəyə hazırlanması xəttini yürüdürlər. Azərbaycan Prezidenti öz müsahibəsində tamamilə haqlı olaraq bütün bunlara son qoyulmalı olduğunu bildirdi. Bu, çox ciddi xəbərdarlıqdır. İlk növbədə Ermənistanın köhnə-yeni rəhbərliyi bu xəbərdarlıqdan düzgün nəticə çıxarmalı və məsuliyyətli davranmaq yolunu tutmalıdırlar. Əks təqdirdə, rəsmi Bakının önləyici tədbirləri özünü çox gözlətməyəcək. Burada ilk növbədə Rusiya sülhməramlılarının məsuliyyət zonasında anti-terror əməliyyatına başlaması gündəmə gələ bilər. Biz bu yolla həm sülhməramlıların yerinə yetirməli olduğu işi, yəni erməni silahlılarının Qarabağdan tamamilə çıxarılması işini, həm də Ermənistanın sülhə məcbur edilməsi missiyasını həyata keçirmiş olarıq. Dünya hərb tarixində və ərazi münaqişələrində hər iki təcrübəyə rast gəlmək mümkündür. Əgər Ermənistan bunu istəyirsə, Azərbaycan buna tam hazırdır. Sözügedən razılaşmalara əməl edilməyəcəyi təqdirdə, eləcə də həm Qarabağda, həm də dövlət sərhədimizdə ermənilər tərəfindən yeni təxribatların, silahlı insidentlərin baş verəcəyi halda, Azərbaycan yenidən hərbi gücünə söykənməli olacaq. Bunun qarşı tərəf üçün nə kimi ağır nəticələrə gətirib çıxaracağını isə Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi və sülhməramlılar düşünməlidir”.

Ə.Hüseynov bəyan edib ki, Rusiya sülhməramlıları Qarabağdan erməni hərbçilərin çıxarılmasını təmin etmək əvəzinə, Laçın dəhlizi vasitəsilə Ermənistandan yeni hərbi qüvvələrin daşınmasına şərait yaradır: “Sülhməramlıların nəzarət etdiyi ərazilərdə erməni silahlıları qanunsuz postlar qurmağa, süni təmas xətti yaratmağa çalışırlar. Əlbəttə, rəsmi Bakı bütün bunlara seyrçi qala, göz yuma bilməz”.