300 min insan hələ də yurdlarına qayıda bilmir


ATƏT-in Minsk qrupu məhz bu proseslə məşğul olaraq tarixin “ən yarıtmaz təşkilatı” ləkəsini öz üzərindən ata bilər

Ermənistanın tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara və digər millətlərə qarşı törətdiyi soyqırım, əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətlərinin ağır nəticələri hələ də aradan qaldırılmayıb. Nəticədə Azərbaycana pənah gətirmiş 300 mindən çox qaçqın 33 ildən çoxdur ki, öz ata-baba yurdu Qərbi Azərbaycana geri dönə bilməməklə ən təməl hüquqlarından məhrum qalıblar. Dəhşətlisi odur ki, bu gün heç bir beynəlxalq təsisat bu məsələni gündəmə gətirmir. Faktiki olaraq beynəlxlaq hüquqları müdafiə təsisatları 300 min insanın pozulan təməl hüquq və azadlıqlarını görməzdən gəlirlər.

Millət vəkili Bəhruz Məhərrəmov “Şərq”ə açıqlamasında vurğulayıb ki, bu gün bölgədə sülh və sabitlik naminə rol sahibi olmaq istəyən beynəlxalq təşkilat və dövlətlərin diqqət yetirməli olduqları əsas amillərdən biri məhz bu olmalıdır. Deputatın sözlərinə görə, 25 il “ölü can” kimi mövcudluğunu qorumuş ATƏT-in Minsk qrupu məhz bu proseslə məşğul olaraq tarixin “ən yarıtmaz təşkilatı” ləkəsini öz üzərindən ata bilər:

“Habelə, Ermənistan üçün səxavət kisəsini açmış dövlət və təşkilatların ayırdığı vəsaitlər Qərbi azərbaycanlıların, o cümlədən Ermənistandan qovulmuş digər etnosların repatriasiyasına (vətənə qayıtma –red) sərf olunmalıdır. Məsələn, Avropa İttifaqının bu günlərdə ayırdığı 2,6 milyard avro prosesə start vermək qaçqınların bərpa prosesinin ilkin mərhələsi üçün yetərli məbləğdir. Bu, müvafiq vəsaitin təcavüzkar məqsədlər üçün xərclənmə riskini aradan qaldırar. Eyni zamanda monoetnik Ermənistan anlayışına son qoyaraq bölgəni tam tolerant bir məkana çevirə bilər. Həmçinin, təşkilatın Cənubi Qafqazda əsas ticari tərəfdaşı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələsini başlatmış olar”.

İsmayı