Ermənistanın demarkasiya və delimitasiya ilə bağlı mövqeyi qismən dəyişib -  Elçin Mirzəbəyli 

"Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan son müsahibələrində “demarkasiya və delimitasiyanın Azərbaycanla Ermənistan arasında, Qarabağ məsələsinə toxunulmadan baş tutacağını” bildiriblər".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 

Analitik vurğulayıb ki, onların qənaətinə görə, “Qarabağ məsələsi” üçün xüsusi və yeganə format ATƏT-in Minsk qrupunun həmsədrlik institutudur: 

"Göründüyü kimi, Ermənistan tərəfinin demarkasiya və delimitasiya ilə bağlı mövqeyi qismən dəyişib. Bundan öncə rəsmi İrəvan prosesin üçüncü tərəflərin vasitəçiliyi həyata keçirilməsinin vacibliyini vurğulayırdı. Bununla yanaşı, Paşinyan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bağlı iddialarını hələ də davam etdirməkdədir. Rəsmi Bakı tərəfindən onlara sülh sazişi haqqında təklifin daxil olmadığını bildirən Ermənistan təmsilçilərinin qənaətinə görə, dayanıqlı sülh üçün Qarabağda yaşayan etnik ermənilərin öncə yaşamaq, sonra isə öz müqəddəratını tanıma “hüququ” həmsədrlik institutu çərçivəsində müzakirə olunmalıdır. Məlum olduğu kimi, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “yaşama hüququ” ilə bağlı heç bir problem yoxdur. “Öz müqəddəratını təyin etmə” ilə bağlı iddialar isə müzakirə mövzusu olma bilməz və bu məsələ Azərbaycam üçün bitmiş hesab olunur".

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan işğaldan öncə də erməni tərəfinin “status” iddialarını qəbul etmirdi: 

"İndi Ermənistanın acı məğlubiyyəti ilə başa çatan 44 günlük müharibədən sonra bu məsələnin gündəmə gətirilməsi mövcud reallıqlara, həmçinin hər zaman olduğu kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyil. Bu isə o deməkdir ki, bizim ATƏT-in Minsk qrupu hənsədrlərinin vasitəçiliyi ilə Ermənistanla müzakirə edəcəyimiz heç bir mövzu yoxdur. Bu baxımdan, Ermənistan təhlükəsizlik şurası katibi və xarici işlər nazirinin açıqlamalarının yalnız ““demarkasiya və delimitasiyanın Azərbaycanla Ermənistan  arasında, “Qarabağ məsələsi”nə toxunulmadan baş tutacağı” ilə bağlı hissəsini nəzərə almaq lazımdır. “Qarabağ məsələsi”nə gəldikdə isə bizim üçün belə bir məsələnin olmadığını, Azərbaycan ərazilərindəki bütün məsələlərin olkəmizin daxili işi olduğunu təkrarlamağa ehtiyac duymuram. 
Ermənistan hökuməti “demarkasiya və delimitasiya” məsələsində olduğu kimi, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı reallığı da gec-tez qəbul etmək məcburiyyətində qalacaq, çünki başqa alternativi yoxdur".