Azərbaycan sülhməramlılarının həyatına heç bir təhlükə yoxdur

"Türkiyə və Azərbaycanın Əfqanıstandakı hərbi kontingenti öz üzərlərinə düşən ağır missiyanı böyük bir fədakarlıqla, layiqincə yerinə yetirir".

Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Azərbaycan sülhməramlılarının həyatına heç bir təhlükə yoxdur: 

"Onlar qardaş Türkiyənin sülhməramlıları ilə birlikdə paytaxt Kabilin hava limanının mühafizəsini təşkil etməklə bərabər, həm də yerli əhaliyə kömək edir, o cümlədən uşaqları xilas edirlər. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntüləri izləyərkən sülhməramlılarımızla qürur duydum. Bu çətin günlərdə dost və qardaş əfqan xalqına kömək etməyimiz həm də müsəlman həmrəyliyindən doğan mənəvi borcumuzdur. Eyni zamanda Əfqanıstanın 44 günlük İkinci Qarabağ müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəsətkləyən dövlətlərdən biri olduğunu da nəzərə almalıyıq. Bu mənada Azərbaycan da bu ölkədə öz sülhməramlı kontingenti ilə Türkiyənin yanında yer alması təqdirəlayiqdir".

Ə.Hüseynova görə, Azərbaycanın Əfqanıstanda digər dost dövlətlər – Türkiyə, Pakistan və Macarıstanla birgə fəaliyyət göstərməsi gələcək qlobal geosiyasi və geoiqtisadi planlarımızı gerçəkləşdirmək baxımından bizim üçün həqiqətən də böyük imkanlar açacaq: 

"Əfqanıstandakı mövcud fəallığımız bizim Vaşinqton və Brüssel qarşısında da mövqelərimizi daha da möhkəmləndirir. Daim işğalçı Ermənistana dəstək verən Qərb tərəzinin Azərbaycan gözünün ağır gəldiyini başa düşməlidir. Özünün müttəfiqlik siyasətini, müttəfiq seçimi prioritetlərini yenidən gözdən keçirməlidir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də özünün effektiv iştirakı ilə Qərbə böyük dəstək verib. Vaşinqton və Brüsseldə bu amili də mütləq nəzərə almalıdırlar. Qərbin sahibsiz və köməksiz buraxdığı Əfqanıstanda Türkiyə və Azərbaycanın sülhün və sabitliyin yaradılmasına ciddi töhfə verəcəyi şübhəsizdir. Bu da bizim həm Qərb, həm də digər qlobal güc mərkəzləri qarşısında avantajlarımızı artırır, əlimizi gücləndirir".