Qazaxın 7 kəndi qaytarılacaq

Azər Rəşidoğlu: "Burada Rusiyanın da ikibaşlı oyun oynadığı görünür"

Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayı, ərzaq tədarükü, əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi əksini tapıb. Həmçinin, köç proqramında bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması da qeyd olunub. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazırlar.

Amma sərhəd kəndlərinin köçü həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq kimi də dəyərləndirilir. 

Ermənistanla sərhəddə müşahidə olunan proseslə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Qazaxın yeddi kəndinin qaytarılması gündəmdədir. Analitik vurğulayıb ki, qarşıdakı aylarda biz həmin kəndlərin qaytarılmasını daha sərt şəkildə tələb edə bilərik:

“Məsələ ondadır ki, Ermənistan və Rusiya İcevan-Qazax istiqamətində yeni nəqliyyat xəttinin və yolun tikintisində olduqca maraqlıdırlar. Azərbaycan tərəfinin buradakı mövqeyi isə bütün kommunikasiya xətlərinin eyni anda açılmasıdır. Əgər Ermənistan və Rusiya nəqliyyat xəttinin açılmasını istəyirsə, Azərbaycan da Zəngəzur dəhlizinin açılmasını tələb edir. Ermənistan və Rusiya tərəfi başa düşməlidir ki, kommunikasiya və nəqliyyat xətlərinin açılması Azərbaycanın güzəştidir, bir jestidir. Lakin Qarabağın dağlıq hissəsində və digər torpaqlarda Azərbaycan hərbçilərinə qarşı təxribatlar olarsa, heç bir kommunikasiya xətlərinin açılmasından söhbət getməyəcək. Ermənistan kommunikasiya və nəqliyyat xətlərinin açılmasında maraqlı olsa da, öz təxribatlarından da əl çəkmir”.

A.Rəşidoğlu xatırladıb ki, üçtərəfli Bəyanatın ilkin variantında həmin kəndlərin boşaldılması məsələsi də var idi:

“Sonradan Kremlin rəsmi saytında sənəd yerləşdiriləndə, həmin kəndlərin azad edilməsi bəndini görmədik. Yəni, bəyanatda dəyişiklik edildi. Ermənilər dəhliz məsələsində əməkdaşlıq etməyə meyilli deyillər.  Burada Rusiyanın da ikibaşlı oyun oynadığı görünür. Deyirlər ki, Naxçıvana dəhliz Şimal istiqamətindən açılsın. Bu, Azərbaycanı qane etmir. Çünki qısa yolumuz cənub cinahdan - Zəngəzurdandır. Müharibədən sonra sərhəd xətlərinin müəyyən olunmasında Ermənistan tərəfi dəfələrlə maneələr etməyə çalışıb. Rusiya isə Ermənistanda böyük təsir imkanlarına sahib ölkə olmaqla yanaşı, həm də üçtərəfli bəyanatı imzalayan tərəf kimi sülhə zəmanətçi qismində cəlb olunmuş əsas ölkədir. Rusiyalı mütəxəssis və hərbçilərin bu prosesdə iştirakı arzuolunandır.

Prosesdə Azərbaycanın torpaq bütünlüyünə təhdid doğuracaq hər hansı element görmürəm. Bu baxımdan Qazaxın yeddi kəndinin qayıdacağı da mümkündür. Bu, sülh yolu ilə olmayacaqsa, savaş yolu ilə baş tutacaq”