Rəsmi Bakı reaksiyanı gecikdirmədi

Rusiyanın səhvi münasibətlərə kölgə salır

Belə davam edərsə ermənilərə qarşı Azərbaycanda yanaşma, münasibət necədirsə, onlar da eynisini görəcəklər


Məlum olduğu kimi Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub. Rəsmi saytın elanında rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Rəsmi Bakı buna etiraz edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki,  belə yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edərək, dərhal aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib. 

Millət vəkili Sahib Alıyev açıq şəkildə bildirib ki, Rusiya Müdafiə Nazirliyinin keçirdiyi tenderdə qondarma “Dağlıq Qarabağ respublikası” ifadəsinin yer alması böyük qələtdir. Deputatın sözlərinə görə, bu cür ifadələrlə Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan torpaqlarımızın statusu dəyişdirilmir və dəyişdirilə də bilməz:

“Əgər bir dövlətin rəsmi strukturları Qarabağın bir hissəsinə ermənisayaq yanaşırsa, torpaqlarımızda hansısa uydurma “respublika” görürsə, onda oradakı hərbçilərinin də statusunu müəyyənləşdirmiş olurlar. Bu o deməkdir ki, Ermənistan ordusunun hələ də Qarabağda qalan tör-töküntüləri hansı status daşıyırlarsa, “Dağlıq Qarabağ respublikası” ifadəsi işlədən rus hərbiçilər də eyni statusu daşıyırlar. Rusların geosiyasi alət kimi istifadə etdikləri ermənilərə qarşı Azərbaycanda yanaşma, münasibət necədirsə, onlar da eynisini görəcəklər”.

Millət vəkili Aydın Mirzəzadə də vurğulayıb ki, üçtərəfli 10 noyabr və 11 yanvar sazişlərini imzalayanlardan biri Rusiyadır və belə bir xəta yolverilməzdir. Parlament üzvünün fikrincə, bunun texniki xəta olub-olmadığını Rusiyanın davranışı göstərəcək: “Hər halda etirazımız nəzərə alınarsa, bunu texniki səhv kimi qiymətləndirmək olar.

Yox əgər təkid edib o şəkildə saxlasalar, bu, siyasi məsələ olacaq. Artıq “Dağlıq Qarabağ” anlayışı yoxdur, Azərbaycan Respublikası var və müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi anlayışı var. Rusiya bu məsələlərdə həmişə bu terminləri gözləməlidir”.