Beynəlxalq hüquq Azərbaycanın  yanındadır 


Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin qondarma tələblərini rədd edib

Məlum olduğu kimi, bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan irqi zəmində qarşı tərəfi nifrət yaymaqda,etnik təmizləmə siyasətini həyata keçirməkdə qarşılıqlı sürətdə ittaham edən iddialarla BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Ermənistanın iddiası ilə bağlı dinləmələr BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində oktyabrın 14-15-də, Azərbaycanın iddiası ilə bağlı dinləmələr isə bir həftə sonra, oktyabrın 18-19 keçirilib. Müraciətlərə baxılıb və BMT-nin ali ədliyyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb edib.Məhkəmənin sədri Joan E. Donoghue hər iki tərəfi mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.İCJ Ermənistanın Azərbaycanda saxlanılan və rəsmi İrəvanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib və Azərbaycanın qarşısına bu şəxslərlə "insani davranış" tələbini qoyub. Həmçinin məhkəmənin qəbul etdiyi qərarda 2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi,onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyinin  təmin edilməli olduğu öz əksini tapıb .

Bundan başqa,İCJ Ermənistanın erməni mədəni irsinin Azərbaycan tərəfindən dağıdılmasına dair şikayətini təmin edib,hər iki tərəfdən irqi ayrı-seçkiliyin qarşısını almağı tələb edib.Azərbaycan hökuməti məhkəmənin qərarına dərhal reaksiya verərək bildirib ki, o irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd edilən tədbirlərə əməl edir və Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Eyni zamanda rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

Qərarı dəyərləndirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov "Sherg.az"a  bildirib ki,  Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistan əvvəlcə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyasının iki, üç, dörd,beş,altı və yeddinci maddələrinin pozulması ilə bağlı müraciət edib:

“Sonra qarşılıqlı olaraq Azərbaycan da  həmin Konvensiyanın maddələrinə uyğun olaraq rəsmi İrəvana qarşı şikayət irəli sürüb. İCJ yalnız dövlətlər arası şikayətlərə bir də beynəlxalq təşkilatların sorğularına  baxır. Ermənistan  eləcə də Azərbaycan Ədalət Məhkəməsinin statusuna qoşulsalar  da, onun  yurisdiksiyanı heç biri qəbul etməyib. Dünyada 74 belə ölkə var”.
S.Məmmədov hələki  tərəflərin İCJ-yə etdiyi  müraciətlərə mahiyyəti üzrə baxılması prosesinin  başlamadığını vurğulayıb və rəsmi İrəvanın məhkəməyə müraciətində iddia etdiyi məsələlərə toxunub:
“Ermənistan müraciət edən zaman müvəqqəti və təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edib. 
Əvvəla iddia edib ki, Azərbaycan erməni xalqına münasibətdə irqi-ayrı seçkilik siyasəti yürüdür,ona qarşı nifrət aşılayır. 
Bununla bağlı kütləvi informasiya vasitələrində məlumatlar verir və eyni zamanda  hərbi qənimətlər parkı yaradıb. Əsirlərə münasibətdə güya işgəncə tətbiq edir. Onları geri qaytarmır.

 Eləcə də  Ermənistana məxsus mədəni və dini abidələri dağıdır. Məhkəmədən xahiş ediblər ki, bununla bağlı təcili tədbir görülsün. 

Azərbaycan tərəfi də analoji olaraq bununla bağlı öz tələblərini irəli sürdü”.

Hüquq  müdafiəçisi bu tələblərlə bağlı məhkəmənin hazırda qəbul etdiyi qərarlara diqqət çəkib:

“Biz Ermənistanın qənimətlər parkının bağlanması, Azərbaycan tərəfin əsirlərə işgəncə verməsi və erməni mədəni abidələrini dağıtması ilə bağlı tələblərinin haqlı olaraq Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ləğv olunduğunun şahidi olduq. Qeyd etdiyim kimi bu işə mahiyyəti üzrə daha sonra baxılacaq. Ümid edirəm ki,o zaman da tərəflərin iddialarına qarşı münasibətdə ədalət prinsipinə əməl olunacaq”.