Vətən müharibəsi xalqımızın birliyini daha da möhkəmləndirdi

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir

Dünya azərbaycanlılarının həmrəyliyi azərbaycançılıq ideologiyasına söykənir

    Həmrəylik və azərbaycançılıq. Azərbaycan xalqının birliyini, həmrəyliyini, milli iradəsini və əzmini ifadə edən iki məfhum bir-birini tamamlayır. Harda həmrəylik varsa, orada Azərbaycan sevgisi, Azərbaycanın bütövlüyü, inkişafı uğrunda milli birlik və milli mücadilə var. Hətta sovetlər dönəmində də xalqımızın birliyini heç bir yad ideologiya poza bilmədi. Azərbaycan xalqı tarixin kəşməkeşlərində həmrəyliyini, vəhdətini qoruyub saxladı. Sovetlər İttifaqının labüd süqutu ilə bir zamanlar SSRİ adlı ölkənin tərkibinə daxil edilmiş respublikalar müstəqilliklərini elan etməyə başladı. 

O cümlədən də Azərbaycan. Azərbaycanın müstəqilliyinin bərpası qanlı-qadalı oldu, xalqımız  20 Yanvar faciəsi ilə üzləşdi. Lakin bütün çətinliklərə yenə də xalqın birliyi sayəsində qalib gəldi və ağrılı proseslərdən keçə bildi. Müstəqilliyimizin bərpasının əsas ideyası, əlbəttə, həmrəylik və azərbaycançılıq idi. Bu ideologiyanın dövlət səviyyəsində, dövlət siyasəti olaraq yürüdülməsi isə təbii ki, ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərini xatırlayanlar həmin dövrdə xalqımızın nəhəng birlik, vəhdət nümayiş etdirdiyini də yaxşı xatırlayır. 

Dünya azərbaycanlılarının həmrəyliyi məhz həmin illərdə - konkret 1989-cu ildə yüksək zirvəyə çatdı.  1989-cu ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənub və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar.

 Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Bunun nəticəsi olaraq 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. 

Və ümumxalq bayramına çevrildi. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı  Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürülürdü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Ümummilli lider Azərbaycanın müstəqillik yolunun çətin olacağını, bu yolda müxtəlif maneələr yaranacağını, şübhəsiz ki, bilirdi və ölkəni müstəqil dövlət olaraq inkişafa doğru aparmaq yolunda xalqın həmrəyliyini və azərbaycançılıq ideologiyasını əsas aparıcı qüvvə hesab edirdi. Həmçinin ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq üçün də mühüm əhəmiyyətə malik idi. Gözlənildiyi kimi də oldu. 30 ilə yaxındır ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünya ölkələrində, azərbaycanlıların yaşadığı hər  yerdə əziz bayram kimi qeyd olunur. Azərbaycançılıq ideologiyasına söykənən bu bayramı hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli yurddaşlarımız da təntənə ilə qeyd edir. 2002-ci ilin 5 iyulunda isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Məqsəd yenə də dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək, dünyaya həmrəy olduğumuzu nümayiş etdirmək idi. 

Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası bu gün də cənab Prezident İlham Əliyevin timsalında dövlət siyasətinin əsas prioritetidir: 

- 30 ilə yaxındır ki, dünya azərbaycanlıları 31 dekabrı həmrəylik bayramı olaraq qeyd edir. Bu bayramın əsasını azərbaycançılıq ideologiyası təşkil edir. Harada, hansı ölkədə yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu bayramı ən əziz gün kimi qeyd edirlər. Çünki bu, millətin, xalqın həmrəylik bayramıdır. Və azərbaycanlıların Vətən ideologiyası, milli birlik ideologiyası uğrunda bir ürək kimi döyünməsinin nümunəsidir.  Milli birliyə söykənən bu ideologiyanın da əsasını ulu öndər Heydər Əliyev qoyub. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev də bu siyasəti prezident seçilən gündən davam etdirir. Xalqımız milli birlik ideologiyasına, azərbaycançılıq ideologiyasına sadiqliyini Qarabağ müharibəsində göstərdi. Həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibədə. Mən Xankəndinin sakini kimi xalqımızın birliyinə müharibə dövründə şahid olmuşam, bu gün də şahidəm. Vətən müharibəsində qələbənin əldə edilməsində Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin igidliyi, şücaəti, ordumuzun gücü necə əhəmiyyətli idisə, xalqımızın sahib olduğu yüksək mənəvi keyfiyyətlər, milli birlik də o dərəcədə əhəmiyyətli idi. Və xalqımız məhz azərbaycançılıq ideyasına söykənərək vəhdət nümayiş etdirdi, qələbəyə nail oldu. Təkcə Azərbaycanda yox, xaricdə yaşayan soydaşlarımızın ürəyi Vətənlə döyünürdü və bu qələbədə hər bir azərbaycanlının öz payı oldu. Xaricdə yaşayan azərbaycanlılar heç vaxt özlərini Vətəndən ayrı düşünməyiblər. Uzaqda olsalar da qəlbləri Vətənlə döyünüb. Hər bir azərbaycanlı Azərbaycan ideyası ətrafında birləşib. Buna görə də xalqımızı sarsıtmaq mümkün deyil.