İndi xeyli insan Şuşanı canlı olaraq görə biləcək: Müntəzəm avtobus marşrutları açılır

Kərim Kərimli: "Ən əsası qiymətin insanların cibinə uyğun olmasıdır"

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.

Məlumata görə, biletlərin satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulub. Onlayn sistem sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması məqsədilə tətbiq ediləcək.

Şuşaya avtobus marşrutlarının təşkilində diqqət edilməsi mühüm olan məsələləri “Sherg.az”a açıqlayan yazıçı-publisist, Şuşa sakini Kərim Kərimli bildirib ki, Şuşanı, Ağdamı ziyarət etmək istəyənlərə şərait yaradılmalıdır:

“Şuşaya avtobus marşrutlarının açılmasını çox yüksək dəyərləndirirəm. Şəhərə əvvəllər yalnız xüsusi dəvətlər və səfərlər çərçivəsində gedilirdi. İndi isə bir çox insan Şuşanı canlı olaraq görə biləcəklər.

Ən əsası qiymətin insanların cibinə uyğun olmasıdır. Son zamanlar insanların maliyyə çətinliyi çəkdiyinin şahidi oluruq. Lakin insanların arzusunun qarşısı alınmamalıdır. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına güzəştlər tətbiq olunmalıdır”.

 

Xanlar ƏLİBƏY