Gürcüstanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili ötən gün axşam xəstəxanaya aparılıb.
Bu barədə eks-prezidentin özü feysbuk səhifəsində məlumat yayıb.
Müxtəlif müayinələrdən keçən sabiq dövlət başçısının sözlərinə görə, o, ətraflarını artıq hiss etmir və beynində müxtəlif zədələr var: “Həkimlər dərhal müalicəyə başlamağı məsləhət görüblər. Əks halda xəstəliyim sürətlə ağırlaşacaq, əlillik və ya ölümlə nəticələnəcək”.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.
Saakaşvilinin dəstəkçiləri Avropa ölkələrinə müraciət edərək sabiq prezidentin azadlığa buraxılması üçün hökumətə təzyiq göstərilməsini tələb edirlər.
Qərbin bu barədə atacağı addımlar Gürcüstan prezidentinin qərarını dəyişə bilərmi?
Gürcüstandakı vəziyyəti ”Şərq”ə təhlil edən politoloq Tural İsmayılovun sözlərinə görə, Qərb ümumiyyətlə, bu məsələyə qarışmamalıdır.
“Azərbaycan Gürcüstanla bir çox sahələrdə əməkdaşlıq edir. İki ölkənin əlaqələri kifayət qədər yüksək qiymətləndirilməlidir. Bu baxımdan Gürcüstandakı ictimai sabitliyin və ictimai-siyasi proseslərin idarəolunan məcrada olması bizim maraqlarımıza xidmət edir. Gürcüstanda siyasi keçmişi, siması olan şəxsin həbsi ilə bağlı qərarların verilməsi ölkənin daxili işidir. Kənar ölkələr Gürcüstanın hüquq-mühafizə və güc orqanlarının işinə qarışmamalıdır. Saakaşvilinin azadlığı ilə bağlı Qərbə edilən çağırışlara baxmayaraq, Prezident Zurabişvili onun həbsdən azad olunmayacağı ilə bağlı qəti şəkildə mövqeyini ifadə etdi. Hazırda eks-prezidentlə bağlı iş aparılır və onun həbsinin detalları ölkə ictimaiyyətinə açıqlanıb. Bu baxımdan Saakaşvilinin azadlığa buraxılması ilə bağlı Qərbə çağırışlar edilməsi doğru deyil. Gürcüstan Prezidenti Qərbdən gələn çağırışlara və təzyiqlərə boyun əyməyəcək. Buna görə də edilən müraciətlər keçmiş prezidentin həbs müddətində hansısa dəyişiklik edə bilməyəcək”.
Uzun müddət sonra yenidən Gürcüstan gündəminə düşən Saakaşvilinin bu çıxışı onun tərəfdarlarını fəallaşdıra bilərmi? Ekspert buna inanmır:
“Gürcüstan rəngli inqilab senarilərinin reallaşdırıldığı ilk ölkələrdən biri olub. İndi də Qərb imperializmi müxtəlif qeyri-hökumət və bəzi “media təşkilatları” vasitəsilə ölkədəki ictimai-siyasi sabitliyi laxlatmağa çalışır. Həbs məsələsindən də daxildə etiraz aksiyaları yaratmaq üçün istifadə edə bilərlər. Ancaq bu gün Gürcüstanda ictimai-siyasi stabillik yüksək səviyyədə qorunur. Buna görə də Qərbin istədiyi senari Saakaşvili üzərində gerçəkləşməyəcək”.