Brüssel görüşü öncəsi TƏXRİBAT! –  Yekun sülhə yol görünürmü? – ŞƏRH 

“Bu hadisələrin özü göstərir ki, indiki zamanda sülh əldə etmək mümkün deyil”

“Ermənistan bir tərəfdən sülh sazişinin gərəkliliyindən danışır, digər  tərəfdən atəşkəsi pozur, separatçılar təşkil olunur, dəhlizi açmır, sərhəd müəyyənləşmir”

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Yekun sülh məsələsi və Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gündəmdə olarkən, atəşkəsin yenidən Ermənistan tərəfindən pozulması hadisələrin gedişatı haqqında maraq yaradır. 

Məsələni “Sherg.az”a şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, hazırkı vəziyyətdə sülh müqaviləsinin imzalanması real görünmür:

“Bu hadisələrin özü göstərir ki, indiki zamanda sülh əldə etmək mümkün deyil.  Ermənistan bir tərəfdən sülh sazişinin gərəkliliyindən danışır, digər  tərəfdən atəşkəsi pozur, separatçılar təşkil olunur, dəhlizi açmır, sərhəd müəyyənləşmir. Əlbəttə, bütün bunlar  varkən, sülh sazişinin imzalanması real görünmür. Həmçinin, Brüsseldə liderlərin görüşü planlaşdırılır. Sözsüz, fikir mübadiləsinin genişlənməsi  faydalıdır. Amma  bu o demək deyil ki, biz yaxın müddətdə Ermənistanla tam sülh əldə edə bilərik”.