“NATO ilə qarşılıqlı müzakirə Azərbaycanın xeyrinədir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.

Baş tutacaq görüşlə bağlı gözləntilərini “Sherg.az”la bölüşən siyasi şərhçi Turab Rzayev bildirib ki, görüşün rutin ziyarət məqsədli olacağını düşünür:

“Amma son dövrlərdə baş verən bəzi hadisələri, xüsusilə, iki məsələni nəzərə alsaq, görüşün əhəmiyyəti arta  bilər. Birincisi, Prezident İlham Əliyevin Ursula fon der Lyayeni  Bakıda qəbul etməsi ilə bağlıdır. Bunun nəticəsində  Avropa İttifaqı ilə qaz ixracı ilə bağlı enerji müqaviləsi imzalandı. İkinci məsələ isə Azərbaycanın erməni  silahlı birləşmələrinin rus sülhməramlılarının nəzarəti altından çıxarılması tələbi ilə əlaqədardır. Hər iki hal Rusiyanı kifayət qədər qıcıqlandıracaq məsələlərdir. Rusiya tərəfi iyun ayının sonuna qədər erməni silahlı birləşmələrinin  Qarabağdan çıxarılmasına söz vermişdi. Amma bunu yerinə yetirməyiblər, ölkə başçısı da bunu açıq şəkildə bildirdi”.

T.Rzayev vurğulayıb ki, NATO ilə qarşılıqlı müzakirə istənilən halda Azərbaycanın xeyrinədir:

“Azərbaycan son illərdə özünü NATO ilə müəyyən məsələlərdə ortaq kimi aparır. Qarabağ müharibəsində NATO-nun Azərbaycan əleyhinə heç bir qərar verməməsi,  Azərbaycan və Türk ordusunun Kabil hava limanını mühafizə etməsindən sonra Stoltenberqin təşəkkür etməsi  və başqa məsələlər Azərbaycanla NATO arasında münasibətlərin artan xətt üzrə inkişafını göstərir. Bu görüş regionda və dünyada qütbləşmənin və müharibə təhlükəsinin artdığı bir vaxtda  Azərbaycan üçün müsbət dəyərləndirilə bilər”.