“İcra başçıları həbs olunur, amma korrupsiya halları yenə davam edir”

“Aparılan proseslər davamlı və daim nəzarətdə olmalıdır. Təbii ki, cinayətkarlar, qanunu pozanlar, korrupsiyaya bulaşmış insanlar ifşa olunmalıdırlar. Amma bunu da qeyd etməliyik ki, bəzən bu yoxlamalar kampaniya xarekteri daşıyır. Bəzən baxırsan ki, əksər insanların şikayət etdiyi qurumlarda yoxlanış keçirilmir. Bu şikayətlər siqnal kimi qəbul olunmalıdır”.

Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatları şərh edərkən bildirib. O, qeyd edib ki, ümumiyyətlə, bu gün xüsusi əməliyyatlara ehtiyac yoxdur:

“Orta statistik bir rayon prokuroru istənilən nazirliyə getsə, orada “N” qədər qanun pozuntusu aşkar edə bilər. Bu baxımdan düşünürəm ki, neqativ halların qarşısını almaq üçün sistemli dəyişikliyə ehtiyac var. Çünki fikir versək, görərik ki, icra başçıları həbs olunur, amma eyni hallar yenə də davam edir. 

Bu onu göstərir ki, hər şey sistemdən asılıdır. DTX-nın keçirdiyi əməliyyatlar elə bil ağacın xəstə budağın kəsilməsinə bənzəyir. O budaqları kəsə bilərsən, amma ağacın kökü müalicə olunmasa, digər budaqlar da xəstələnəcək.

Bu baxımdan yanaşma dəyişilməlidir, müxalifətin təsir və nəzarət imkanları artırılmalıdır. O zaman nəsə yenilik ola bilər. Çünki DTX-nın işi korrupsioner məmurları həbs etmək deyil. Onların işi dövlətin təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan düşünmürəm ki, bu əməliyyatlar nəyinsə, qarşısını alsın. Bir müddət ola bilər, amma bu hadisələr yenə də davam edəcək”.