Səfirlərin söz dueli! – “İran Azərbaycan və Təbriz sözlərinin yanaşı işlənməsindən o qədər çəkinir ki…”



Ötən gün İsrailin və İranın ölkəmizdəki səfirlərinin tvitləri gündəm olub. İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter hesabında oxuduğu kitab haqqında paylaşım edib. “Bu yaxınlarda oxumağa başladığım bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?”,- deyə səfir qeyd edib. Görüntülərdə diplomatın “Təbrizin sehrli nağılları” kitabını oxuduğu əks olunub.

İran səfiri isə paylaşıma verdiyi  gözlənilməz və sərt reaksiya ilə diqqətləri öz üzərinə çəkib. Səfir Seyid Abbas Musəvi İsrail səfirinin bu paylaşımını ölkəsinə qarşı təxribat hesab edərək, ona cavab verib:
“Bu təşəbbüskar oğlanın nəzərinə: bizim sevimli Təbriz İranın qürurlu tarixində birincilər ölkəsi kimi tanınır. Görünür, ilk şər sionistini də Təbrizin qeyrətli sakinləri dəfn edəcəklər. Bizin qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!”

Səfirlərin qarşılıqlı tvitlərini “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, İsrail səfiri Corc Dikin tviti mesaj xarekteri daşıyırdı:

“Bu mesaj kifayət qədər aydın idi. Tvitdə əsas vurğulanan məsələ “Təbrizin sehrli nağılları” miniatür kitabı idi. Burada xüsusi məsələ yox idi. Ancaq bu kitabı oxuyub, şəkil kimi paylaşması və Azərbaycanın tarixi və mədəniyyətinə aid nəsnələri oxuduğunu bildirməsi əlbəttə ki, İranı ciddi narahat edir. İran heç bir halda Təbrizin Azərbaycanla adının çəkilməyini istəmir. Hətta Təbriz, İran Azərbaycanının paytaxtı olsa belə, İran Təbrizi, ümumiyyətlə, Azərbaycanı fars mədəniyyətinin, tarixinin bir hissəsi kimi görür. İsrail səfirinin bunu Azərbaycan tarixi kimi təqdim etməsi aydın məsələdir ki, İran üçün ciddi mesaj oldu və narazılıq yaratdı. Halbuki, indiyə qədər heç bir xarici səfir bu addımı atmamışdı. Britaniya səfiri belə, Araz çayını ziyarət edərkən, tviti "salam, İran" sözləri ilə paylaşmışdı. Bu tvitdən başqa mənalar da çıxarmaq olar. Təbrizin sehrli nağıllarını əslində sehirli nağıllar gerçək olur kimi də yozmaq mümkündür. Lakin istənilən halda məsələ Təbrizin Azərbaycan tarixi və mədəniyyətində oynadığı rol idi. Son dövrlərdə bu kitabın oxunması ciddi mesaj sayılır”.
İran səfirinin cavab tvitini qeyri-professional  hesab edən T.Rzayev qeyd edib ki, açıq şəkildə sionizmə qarşı təhdid görülürdü:
“Tvitdə bundan əlavə Təbrizin  İran tarixində oynadığı rol ilə bağlı xatırlatma var idi. Düşünürəm ki, çox uğursuz cavab oldu. Ən azı burada Azərbaycana aid nəsə mesaj verilə bilərdi. Məsələn, elə Təbrizin Şərqi Azərbaycanın mərkəzi olması və eyni zamanda, İran mədəniyyətinin parçası olması ilə bağlı cavab ola bilərdi. Amma görünür ki, cənub qonşumuz Azərbaycan ilə Təbriz sözünü birgə işlətməkdən o qədər çəkinir ki, sadəcə “Təbriz İrandır” yanaşması sərgilədi. Qəribəsi odur ki, biz daha çox “İran Təbrizdir” kimi yanaşma müşahidə etdik, nəinki Təbriz İrandır.
Əslində diqqətlə baxsaq, görərik ki, İran ərazisində bütün inqilablar məhz Təbrizdən başlayıb. Ona görə yeni dəyişikliyin mərkəzi və simvolu da çox güman ki, Təbriz olacaq. Bundan  yaranan qorxu ola bilsin ki, İranın və indiki teokratik rejimin kabusudur. Düşünürəm ki, bu da səfirin kifayət qədər tələsik, kobud sərt cavab verməsinin səbəbi olub”.