Fuad Abbasov: “Sülhməramlılar Azərbaycanı qıcıqlandırır” – Nəvbəti təxribat!

Caliber.Az Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının Azərbaycanın Qarabağ bölgəsinin Laçın dəhlizində nə işlə məşğul olduğunu əks etdirən eksklüziv görüntülər əldə edib. Belə ki, rusiyalı hərbçilər 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qarıkaha kəndində birmərtəbəli yaşayış binasının dam örtüyünü söküblər.

Eyni zamanda, onlar təkcə şiferə deyil, həm də taxta konstruksiyalara göz dikərək, bu materialları üzərində Rusiya bayrağı və “SK” (sülhməramlı kontingent) yazısı olan KAMAZ-a yükləyiblər.

Bu faktla bağlı bir neçə sual yaranır. Rusiya sülhməramlılarının məqsədləri nədən ibarətdir? Niyə onlar birbaşa vəzifələrini yerinə yetirmək əvəzinə, əvvəllər işğal olunmuş ərazilərdə sözün həqiqi mənasında daşı-daş üstündə qoymayan həmin Qarabağ separatçıları kimi davranırlar?

Sualları “Sherg.az” üçün cavablandıran tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki,  sülhməramlıların apardığı bütün fəaliyyətlər Azərbaycanın həm Silahlı Qüvvələrini, həm Xarici İşlər Nazirliyini, həm də Müdafiə Nazirliyini qıcıqlandırmaq yönündədir:

“İnanmıram ki, orada sülhməramlıların şiferə və ya taxtaya ehtiyacı olsun. Sadəcə olaraq, onlar bu hərəkətləri ilə Azərbaycanı, eləcə də siyasi rəhbərliyi bu və ya digər addımları atmaq üçün qıcıqlandırırlar. Buna başqa ad verə bilmirəm. Çünki ermənilərin 30 il boyunca sökdürdüyü inşaat materiallarına rusların da ehtiyacı olduğuna heç inanmıram. Ola bilsin ki, bu əvvəlcədən planlaşdırılmış bir təxribatdır.  Azərbaycan tərəfindən ciddi reaksiya verilməsinə hesablanan addım idi. Bu da baş vermədi”.