“Azərbaycan sərhədi həmişə olduğu kimi etibarlı əllərdədir”

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.DSX-dən verilən xəbərə görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş dörd bağlama aşkar olunub.

 Hadisə ilə bağlı dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb. Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX hərbçilərinin əməlini “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki,  Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri hər zaman böyük peşəkarlıqla seçiliblər:

“Müstəqillik dövründə sərhədçilərimizin bütün istiqamətlərdə apardığı xidmətin nəticəsində Azərbaycan sərhədlərində layıqli və bütün tələblərə cavab verən sərhəd xidməti təşkil olunub. Bu gün  Azərbaycan sərhədləri etibarlı əllərdədir. Ona görə ki, bu sərhədləri professional, yüksək peşəkarlığa malik olan, işini bilən və vətənpərvər Azərbaycan oğulları qoruyur. Sərhədçilərimiz qısa zamanda İranla sərhədin bərpa edilməsi və Zəngilan rayonunun azad edilməsində xüsusi məharət göstərərək öz döyüşkənliklərini  göstərdilər. Onlar Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək mükafatlara layiq görüldülər.

Azərbaycan sərhədçiləri beynəxalq tədbirlərə qatılaraq öz peşəkarlıqları ilə digər dövlətlərin də hörmətlərini qazanıblar. Onun nəticəsidir ki, sərhədçilərimiz Cəbrayılla  İran sərhədində narkotiklə mübarizə məsələlərində cinayət qrupunu yerindəcə yaxalaya biliblər. Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını DSX-nin hərbçiləri böyük məharət göstərərək qarşını alıblar. Mütamadi olaraq eşidirik ki, İran və Azərbaycan sərhədində azərbaycanlı hərbçilər hətta qanı bahasına ölkəyə gətirilən narkotik vasitələrin qarşının alınmasında daim peşəkarlıq sərgiləyirlər”.

Ş.Ramaldanov qeyd edib ki, bu hadisə hər zaman hörmət qazanmış böyük bir heyətin müəyyən bir qisim nümayəndələri tərəfindən törədildiyi üçün insan kədərlənir:

“Ona görə ki, biz sərhədçi dedikdə sərhədlərimizi, onların toxunulmamazlığını və onları qoruyan etibarlı əlləri nəzərdə tuturuq. Təbii ki, onların üzvlərinin bu cinayətkar dəstələrinin içində olması bizim üçün çətindir. Lakin cinayətkarın nə vəzifəsi, nə rütbəsi, nə milləti, nə də məsuliyyəti olur. Cinayətkar harda olursa, olsun cinayətkardır. Yenə də DSX-nin apardığı peşəkar tədbirlər nəticəsində bu cinayətkar qrup aşkar edilib. Həmin ərazi hələ minalardan tam təmizlənməyib. Buna baxmayaraq, hərbçilərimiz bu cinayətindən də üstünü açıblar.
Düşünürəm ki, DSX-nin rəhbərliyi bütün şəriti incələyib, lazım olan qərarları qəbul edirlər. Hesab edirəm ki, bundan sonra da DSX-nin rəhbərliyi sərhədimizdə nümunəvi və etibarlı xidməti aparmağa davam edəcək. Belə cinayətkar qruplarına qarşı kimliyindən asılı olmayaraq, lazımı tədbirlər görüləcək. Azərbaycan sərhədi həmişə olduğu kimi etibarlı əllərdədir. O əllər hər zaman bizi qoruyub, qoruyur və bundan sonra da qoruyacaqdır”.